QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib

QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib
# 22 iyul 2020 18:07 (UTC +04:00)

İyulun 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam A.Paşazadənin sədrliyi ilə baş tutan «Pandemiya dövründə Qafqazın dini təşkilatlarının fəaliyyəti» mövzusunda Konfransda ölkəmizdəki dini konfessiya başçıları da iştirak ediblər.

Dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVİD-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs edib. Şeyxülislam Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini vurğulayıb. A. Paşazadə xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə, pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyaları keçirilməkdədir.

Şeyxülislam A. Paşazadə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin geniş beynəlxalq əlaqələrini pandemiya dövrünə baxmayaraq davam etdirdiyini deyib.

QMİ sədri postsovet məkanında millətlərarası qarşıdurmanın, separatçılığın bünövrəsini qoymuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusi xatırladıb. Bildirib ki, əzəli Azərbaycan torpaqlarının işğalı davam edir və çox təəssüflər olsun ki, qlobal pandemiya şəraitində Ermənistan tərəfindən Azərbaycanla sərhəd bölgəsində yeni təxribatlar törədilərək, atəşkəs rejimi pozulub, ərazilərimiz yenidən təcavüzə məruz qalıb, zabit və əsgərlərimiz, o cümlədən dinc əhali arasında tələfatlarımız mövcuddur. QMİ sədrinin sözlərinə görə, bu münaqişə ocağı 30 ildən artıqdır ki, bütün Qafqaz bölgəsi üçün gərginlik mənbəyidir və regionda sülh və sabitliyə təhlükə törədir.

Şeyxülislam sərhədlərimizdəki erməni təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək vermək çağırışını bəyan edib və bu əsnada, Roma Papası Fransiskin münaqişə ilə bağlı bölüşdüyü narahatlığa görə təşəkkürünü bildirib.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri konfransda çıxış ediblər.

Qafqazın din xadimləri Şeyxülislam Allahşükür Paşazadəni bir araya gəlmələrinin səbəbkarı adlandırdılar və onun mənəvi ağsaqqallığından bəhrələndiklərini bildiriblər. Qafqaz xalqlarının hər zaman birlikdə olduqlarını, mənəvi əlaqələrinin güclü olduğunu vurğulayan Müftilər Azərbaycan-Ermənistan sərhəddində baş vermiş son təxribat hadisələrindən olduqca narahat olduqlarını dilə gətiriblər. Həlak olmuş Azərbaycan hərbçiləri və mülki əhali ilə bağlı səmimi başsağlıqlarını Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına yetirməyi Şeyxülislam A. Paşazadədən rica ediblər, həlak olanlar üçün Allahdan rəhmət dilədilər. Müftilər ədalət bərpa olunmayana kimi qan tökülməsi ehtimalından olduqca narahat olduqlarını vurğulayıblar. Bununla bağlı Müftilər Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər, Rusiya Federasiyasının Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu həllinə yardımçı olduğunu, danışıqlarda vasitəçilik missiyasını xatırladıblar. Qafqaz Müftiləri, öz növbələrində, münaqişənin sülh yolu ilə həllinə öz töhfələrini verməyə, sülhməramlı vasitəçiliyə hazır olduqlarını ifadə ediblər.

Videoiclasda çıxış edən dini konfessiya rəhbərləri Qafqaz xalqlarının bir-birini dəstəkləməsinin mühümlüyünü, bölgədə ənənəvi dəyərlərə istinadən sülh, mənəvi harmoniya və problemlərin öhdəsindən gəlinməsinin mümkün olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR