Qaçqın və məcburi köçkünlər arasında gender zorakılığının qarşısının alınmasına dair layihə həyata keçirilir

Qaçqın və məcburi köçkünlər arasında gender zorakılığının qarşısının alınmasına dair layihə həyata keçirilir
# 06 dekabr 2019 17:36 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə birgə “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” adlı layihə həyata keçirir.

APA-nın məlumatına görə, layihə çərçivəsində Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş foto-sərgi keçirilib. Sərgidə beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Layihənin koordinatoru Lyudmila Xəlilova bildirib ki, layihə bir ildir davam edir:

"Bu layihə ölkəmizdə olan qaçqın, məcburi köçkünlərə, eyni zamanda sığınacaq axtaran şəxslərə yönəlib. Biz gender əsaslı zorakılığın qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiririk, insanlara pulsuz olaraq hüquqi və psixoloji yardımlar göstəririk. Eyni zamanda bu layihə çərçivəsində bu sahədə qanunvericilikdə olan boşluqlarla bağlı müəyyən işlər aparmışıq. Sənədlər hazırlayıb tövsiyələr şəklində müvafiq icra strukturlarına təqdim edəcəyik. Məqsədimiz gender əsaslı zorakılığın qarşısının alınması üçün cavab tədbirlərinin sürətləndirilməsi sahəsində də islahatların aparılması və koordinasiyalı işin qurulmasıdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu layihə ilin əvvəlindən keçirilir. Onun sözlərinə görə, bununla bağlı bir çox tədbirlər həyata keçirilib:

"Bugünkü sərgi 25 noyabr-10 dekabr gender əsaslı zorakılığa qarşı 10 günlük fəallıq kampaniyası çərçivəsində keçirilir. Ən böyük zorakılıq müharibə, münaqişə bölgələrində olur. Bugünkü sərgidə həyat hekayələrindən bəhs edilən qadınlar da çox ağır müharibə dövrü keçsələr də, ayaq üstə durmağı, güclü olmağı bacaran qadınlardır. Bu cür qadınlar hamıya örnəkdir".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəsinin səlahiyyətlərini müvəqqəti icra edən Oktavian Mohorean bildirib ki, qadınlara qarşı gender əsaslı zorakılıqla bağlı kampaniya hər il 25 noyabrda başlayır və beynəlxalq insan hüquqları günü - 10 dekabr aralığında qeyd edilən beynəlxalq kampaniya olduğunu qeyd edib və kampaniya çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər əldə edilməsi nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədləri sırasında qadınlara və uşaqlara qarşı ayrı-seçkilik və zorakılığa son qoymaq xüsusi yer tutur.

O.Mohorean bildirib ki, BMT QAK dünya miqyasında cinsi və gender əsaslı zorakılıq riskinin azaldılması və həmin zorakılıqdan əziyyət çəkmiş şəxslərə göstərilən qayğı və yardımın keyfiyyətinin artırılması istiqamətində səylər göstərir:

"Çünki məhz qaçqınlar, məcburi köçkünlər, yerlərindən didərgin düşmüş insanlar həssaslıqları baxımından bu təzahürün təsirinə daha çox məruz qalırlar.

BMT QAK tərəfindən Azərbaycanda icra olunan layihələrdən biri sırf cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinə həsr olunan, o cümlədən qaçqınlar və məcburi köçkünlər üçün məlumatlandırma, məsləhət, hüquqi və müvəkkilçilik xidmətləri də təşkil edir. BMT QAK-ın layihə çərçivəsində əldə etdiyi nailiyyətlərdən biri cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri sahəsində fəaliyyət göstərən müxtəlif qurumların və təşkilatların müəyyənləşdirilməsidir".

O.Mohoreanın sözlərinə görə, Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən, o cümlədən ölkədəki qaçqın icmalarından 14 qadın bu foto sərgidə iştirak edib öz uğur hekayələrini paylaşmağa razılıq veriblər:

"Bu qadınlar müxtəlif sahələrdə çalışaraq uğur qazanıblar və qaçqınlıq, məcburi köçkünlük statusunun çətinliyinə, əziyyətlərə baxmayaraq öz mübarizliklərindən əl çəkməyiblər".

Sonda həm Azərbaycanın işğal olunmuş bölgələrindən olan, həm də Azərbaycandakı qaçqın icmalarındakı qadınların həyat hekayəsindən bəhs edən video rolik nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR