Qalmaqallı qanunla bağlı müzakirələrdə din xadimləri də iştirak edir

Qalmaqallı qanunla bağlı müzakirələrdə din xadimləri də iştirak edir
# 08 fevral 2021 16:36 (UTC +04:00)

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu qanun uzun illərdir, tibbi reallıq və milli mentalitet arasında çəkişmələrə səbəb olub: “Bu məsələlərin tənzimlənməsi üçün müzakirələr aparılır. Həkim, sosioloq, psixoloq, din xadimləri, maliyyəçilər, ictimai birliklər və s. nümayəndələr müzakirələrdə iştirak edir. Bir neçə bəndin düzəlişindən sonra yəqin ki, qanun layihəsi yaz sessiyasında plenar iclasa çıxarılacaq. Surroqat ana, donor və s. kimi məsələlər həllini taparsa, qanun layihəsi daha tez qəbul oluna bilər”.

Deputat qeyd edib ki, icbari tibbi sığortanın tətbiqinin yaxın gələcəkdə bu məsələnin cəmiyyət üçün əsas ağrılı tərəfi olan maliyyə tərəfini həll edəcəyini düşünür: “Bu işin maliyyə tərəfinin necə həll olacağı müəyyən olunmalıdır. Yəni bunun ayrıca dövlət proqramı ilə, yoxsa icbari tibbi sığortanın maliyyə imkanları ilə həll olunacağı müəyyən edilməlidir. Bütün bu kimi sualların cavabının qanunda əksini tapılması da vacib şərtlərdəndir. Yoxsa, Milli Məclis qanunu təsdiqləsə də, gələcəkdə insanlar və səhiyyə qurumları onun icrasında problemlə üzləşə bilər. Bütün bu kimi məsələlərin həllinə konseptual yanaşma sərgiləyən Milli Məclisin Səhiyyə komitəsi bu yaz sessiyasında uzun illərdir gözlənilən qanunun nəticələnməsi üçün əlindən gələni edəcək”.

Deputat qeyd edib ki, istər qanunverici orqan olaraq Milli Məclis və onun tərkibindəki Səhiyyə komitəsinin, istərsə də icraedici strukturlar olan TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin hər zaman ali məqsədi Azərbaycan vətəndaşlarının hər birinin tibbi xidmətə ən yüksək səviyyədə əlçatanlığının təmin olunması və onun keyfiyyətinin yüksəldilməsidir: “Bunun üçün qurumlararası əməkdaşlıq daha da yüksək səviyyəyə çatdırılacaq. Prezident İlham Əliyev də hər zaman dilə gətirir ki, hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas prioritetidir və bundan sonra da belə olacaq”.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması və qəbulu barədə məsələ bir neçə ildir, gündəmdə olsa da, qəbul edilməsi mümkün olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR