Qənirə Paşayeva: “190 manatın iyul-avqust ayında da verilməsi vacibdir”

Qənirə Paşayeva: “190 manatın iyul-avqust ayında da verilməsi vacibdir”
# 05 avqust 2020 15:45 (UTC +04:00)

“Tovuz rayonu istiqamətində iyul ayında işğalçı Ermənistanın hücumları, təxribatlarına dövlətimiz layiqli cavab verib. Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistan öz layiqli cavabını aldı. Eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanıma da təşəkkür etmək istəyirəm. Çünki bu günlər ərzində rayondakı insanlarımızın vəziyyəti daim diqqət altında saxlanıldı və təbii ki, bu da çox yüksək qiymətləndirilməlidir".

APA-nın məlumına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat ölkədə və ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılara da təşəkkür edib: " Çünki bu çətin məqamlarda daim dövlətimizin yanında oldular, Ali Baş Komandanımızın ətrafında birləşdilər. Qəhrəman şəhidlərimizin, onların ailələrinin qarşısında baş əyirik. Prezidentimiz Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın mülki əhaliyə, onların evlərinə, əmlaklarına vurduqları zərərlərin aradan qaldırılması istiqamətində sərəncam imzaladı. Həmin istiqamətdə işlər sürətlə davam etdirilir ki, bu da ön cəbhədə insanlarımız arasında yüksək dəyərləndirilir”.

Q. Paşayeva bildirib ki, Tovuz rayonunda əhalinin su probleminin aradan qaldırılması istiqamətində Zəyəmçay su anbarının tikilməsi Tovuz, Şəmkir rayonlarında kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün çox önəmlidir.

O, müzakirə olunan “Məşğulluq haqqında” qanununa dəyişikliklər layihəsi ilə bağlı təkliflərini də səsləndirib: “Sözügedən layihədə bəzi qruplara diqqət etmək lazımdır. Mən də kənd rayonunu təmsil edən millət vəkili olaraq deyə bilərəm ki, pay torpağı olan insanların məşğul sayılması yanaşmasına təkrar baxmalıyıq. Əgər bir insanın 10 sot torpaq sahəsi varsa, onun 1 hektar torpaq sahəsinə malik insanla eyni statusda məşğul sayılması doğru yanaşma deyil. Mən düşünürəm ki, az pay torpağına sahib olan insanlarımıza qarşı yanaşmanın dəyişməsinə ehtiyac var ki, onlar digər proqramlardan yararlana bilsinlər. İkinci kateqoriya həyat yoldaşını itirmiş, dağılmış ailələrdəki xanımlarımızdır. Bu gün ən ciddi məsələlərdən biri həmin qadınların alimentlə bağlı üzləşdiyi problemlərdir. Özünüməşğulluq proqramlarında həmin qadınların məsələsinə daha da çox diqqət yetirmək lazımdır. Son olaraq seçicilərin adından demək istəyirəm ki, iyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR