Quba Soyqırımı Memorial Kompleksi virtual məlumatlandırma aksiyası keçirir

Quba Soyqırımı Memorial Kompleksi virtual məlumatlandırma aksiyası keçirir
# 31 mart 2020 15:14 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi ziyarətçi qəbul etmir. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə yalnız onlayn ziyarət etmək mümkündür.

Bu barədə APA-ya Quba Soyqırımı Memorial Kompleksinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova məlumat verib.

Onun sözlərinə görə, kompleks işini yalnız virtual formada həyata keçirir və virtual ekskursiyalar təşkil olunur. R. Bayramova bildirib ki, bu kampaniya artıq bir neçə gündür ki, davam edir: “Artıq bir neçə gündür ki, “soyqirim.az” və bütün sosial şəbəkə hesablarımızdan 4 dildə mütəxəssislər məlumatlandırma aparırlar. Layihəyə tarixçi alimlərimiz də qoşulub və onlar da müxtəlif videolar göndərirlər ki, onları da yayımlayırıq. Bu gün ərzində də davam edəcək. Biz petisiya da təşkil etmişik və şəraitə uyğun olaraq bu işlər davam etdirilir”.

Qeyd edə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR