Ramin Bayramlı: “Asimptomatik xəstələr evdə müalicə olunacaq”

Ramin Bayramlı: “Asimptomatik xəstələr evdə müalicə olunacaq”
# 18 iyun 2020 19:13 (UTC +04:00)

“Hələ də yas yerlərində kütləvi toplaşmalar və kütləvi yoluxmalar var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ictimai nəqliyyatda da maska taxılmaması kütləvi yoluxmalara yol açır: “Aktiv xəstələrlə yanaşı, bir çox vətəndaşlarımız simptomların gecikdirilməsi ilə müraciət ediblər. Nəticədə test zamanı onlar müəyyən edilə bilmir. Bu insanların vəziyyətinin kəskin pisləşməsi ehtimalı var. O insanlar pandemiya deyil, digər xəstəxanaların infeksion şöbələrində yerləşdiriliblər. Bu xəstələr də COVID-19 xəstələri kimi qiymətləndirilmir. Yuxarı tənəffüs yolunda test neqativ çıxsa da, ağciyərin aşağı hissəsindən ciddi virusa yoluxma aşkarlanır. Bu insanların vəziyyəti qısa müddətdə kəskinləşə bilər”.

TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, virus qanda laxtalanmaya, bu da ürək, beyin damarlarında ciddi tıxanmalara səbəb olur: “Gecikdirildiyi üçün testi neqativ çıxan xəstələrimiz çoxdur. Son vaxtlar Bakıda pandemiya xəstəxanaların 85 faizində doluluq yaşadığımız günlər olub. Ona görə də yeni xəstəxanalar pandemiya xəstəxanasına çevrilir, modul tipli xəstəxanalardan da ikisi istifadəyə verilib. Rayonlarda da bir neçə xəstəxana pandemiya xəstəxanasına çevrilib”.

R. Bayramlı nəzərə çatdırıb ki, xəstələrin evdə müalicəsi üçün də hazırlıqlar görülüb: “Artıq asimptomatik xəstələr evdə müalicə olunacaq. Bunun üçün mobil tətbiqlər mövcuddur. E-təbib adlı mobil tətbiqlə xəstələr nəzarətdə saxlanılacaq. Vətəndaşların evlərini tərk etməməsi üçün onlara təlimatlar veriləcək. Ev telefonu vasitəsi ilə sahə həkimlərinə 12 saatdan bir suallar ünvanlanacaq. Bununla da pasiyentin evdə müalicəsi, yaxud xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərar veriləcək. Hazırda xəstələrin xəstəxanalara gətirilməsi davam edir. İrəlidəki günlərdə yoluxanlarla sağalanların arasındakı fərqlə əlaqədar epidemioloji vəziyyətin nəzarətə götürülməsi və bunun üçün müəyyən məhdudiyyətlərin tətbiqi qərara alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR