“Regional İnkişaf” İctimai Birliyi könüllülərlə onlayn görüş keçirib

“Regional İnkişaf” İctimai Birliyi könüllülərlə onlayn görüş keçirib
  • Clock-gray 13:04
  • calendar-gray 05 Dekabr 2020

“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn görüşü keçirilib. 

RİİB-dən APA-ya verilən məlumata görə, müxtəlif bölgələri təmsil edən 350-dən çox könüllünün iştirak etdiyi görüş RİİB könüllülərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Görüşdə Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sıralarında döyüşən RİİB könüllülərindən bəhs edən fotoslayd izlənilib. Onların sırasında şəhidlik zirvəsinə ucalan könüllülərin olduğu vurğulanıb. 

RİİB-in Şəki-Zaqatala regionu üzrə könüllüsü, Vətən müharibəsi qazisi, hazırda ordu sıralarında xidmətini davam etdirən Turan Musayev videomüraciətində döyüş yolundan, ordumuzun ruh yüksəkliyindən və qələbə əzmindan danışaraq, ordu-xalq birliyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xüsusi təşəkkür edib.

RİİB könüllüləri çıxışlarında Vətən müharibəsi zamanı könüllülərin fəaliyyətindən, onların düşmən təcavüzündən zərər çəkmiş soydaşlarımıza göstərdiyi köməkliklərdən, Ermənistanın işğalçı siyasəti, törətdiyi hərbi və ekoloji cinayətlər, vandalizm aktları barədə dünya ölkələrinin könüllülərinə və 40-dan çox beynəlxalq təşkilata müraciətindən bəhs ediblər.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili”nin elan edildiyi, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın daim könüllülərə, ölkə gənclərinə yüksək etimad göstərdiyi qeyd olunub.

Dünyadakı yeni növ koronavirus pandemiyası ilə əlaqədar “Könüllülər ili”ndə planlaşdırılan kütləvi tədbirlərin və layihələrin bəzisi karantin şərtlərindən irəli gələrək icra olunmasa da RİİB könüllüləri ölkə rəhbərliyinin çağırışlarına qoşularaq COVID-19-a qarşı dövlət tərəfindən görülən tədbirlərə dəstək məqsədi ilə bir sıra layihələr həyata keçirib. 

RİİB könüllüləri ölkədə tətbiq edilən karantin rejiminin ilk günlərində evdən çıxması qadağan edilən  65 yaşdan yuxarı, tənha yaşayan insanlara Heydər Əliyev Fondu tərəfindən hazırlanan ərzaq sovqatlarını ünvanlarına çatdırılmasında, onların ehtiyac duyduqları bir sıra sosial xidmətlərin göstərilməsində, ölkə Prezidentinin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq Heydər Əliyev Fondu və RİİB tərəfindən ölkə üzrə 220 mindən çox ailəyə sovqatların çatıdırılmasında, riskli əhali qrupları arasında pandemiyadan qorunma yolları barədə müxtəlif maarifləndirici materialların paylanması, təbliğat-təşviqat işlərinin aparılmasında, eləcə də hər il olduğu kimi bu il də Qurban bayramında 100 min sosial həssas kateqoriyadan olan ailəyə Qurban paylarının və sovqatların çatdırılmasında fəallıq nümayiş etdiriblər.

Könüllülər tərəfindən gələcəkdə xüsusilə işğaldan azad edilmiş ərazilərdə düşmənin törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması, dağıdılmış tarixi və mədəni abidələrin bərpası, geniş turizm imkanlarına malik bölgənin potensialının üzə çıxarılması və təbliği, müharibədən zərər çəkmiş uşaqlara və digər həssas kategoriyadan olan insanlara sosial dəstəyin göstərilməsi və digər istiqamətlərdə planlaşdırılan layihələr diqqətə çatdırılıb.

Görüşdə “Könüllülər ili”nə töhfə olaraq RİİB tərəfindən hazırlanmış Könüllülər himni və klipinin, eləcə də RİİB-in təşəbbüsü ilə “Azərmarka” MMC tərəfindən hazırlanmış poçt markası və “Azercell Telekom” tərəfindən tətbiq olunan “Könüllü” tarif paketi təqdim edilib.

Könüllülər həmçinin, növbəti ildən icra olinacaq yeni könüllülük proqramında nəzərdə tutulan fəaliyyətlərlə tanış olublar. 

Tədbir könüllülər adından ölkə rəhbərliyinə müraciətlə yekunlaşıb. 

apa-logo-mini

Digər xəbərlər