Repatriasiya edilmiş uşaqlar üçün pandemiya şəraitində virtual təhsil proqramına başlanılıb

Repatriasiya edilmiş uşaqlar üçün pandemiya şəraitində virtual təhsil proqramına başlanılıb
  • Clock-gray 15:49
  • calendar-gray 23 İyul 2020

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İraq Respublikasından 2018-2020-ci illərdə Azərbaycan Respublikasına repatriasiya edilmiş, ölkə vətəndaşı olan uşaqlardan yüz on nəfərin pandemiya dövründə təhsilə cəlb edilməsi, onlarla və qəyyum ailələri ilə məsafədən psixoloji, hüquqi və sosial işin aparılması istiqamətində fəaliyyətini davam etdirir. 

APA-nın məlumatına görə, komitə tərəfindən onlayn dərslərin keçirilməsi məqsədi ilə tədrisə cəlb edilən müəllim heyəti üçün Təhsil Nazirliyinin, Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə onlayn görüşün, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin psixoloqları və təhsil ekspertinin iştirakı ilə iyulun 22-dən üçgünlük onlayn təlimlərin keçirilməsinə başlanılıb. 

Təhsilə cəlb edilməsi nəzərdə tutulan yüz on uşaq Təhsil Nazirliyinin ekspertləri tərəfindən qiymətləndirilərək yaşına və təhsil ehtiyacına uyğun olaraq iyirmi dörd qrupa bölünmüş və dərs kecəcək on iki nəfər müəllim heyəti müəyyən edilib. Dərslər Azərbaycan dili, riyaziyyat fənlərini və dünya görüşü üzrə bilikləri əhatə edəcək. 

Virtual dərslərin 4 avqust 2020-ci il tarixindən başlanması nəzərdə tutulur. Bu məqsədlə onlayn xidmətlərin təşkilinin səmərəliliyinin artırılması üçün sosial təcrid vəziyyətində yaşayan, həssas təbəqədən olan yüz doqquz qəyyum ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, UNİCEF və Beynəlxaql Qızıl Xaç Komitəsinin dəstəyi ilə planşetlər alınıb. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən uşaqların yaşadıqları rayonlar üzrə icra hakimiyyətlərinin müvafiq nümayəndəsi ilə birgə planşetlərin ailələrə təqdim edilməsi prosesinə başlanılıb.

Qeyd edək ki, repatriasiya edilmiş uşaqlar qəyyumluğa verildikdən sonra hazırda Bakı, Sumqayıt və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 23 rayonunda yaşayırlar.

Əsmər Qabil

Digər xəbərlər