Rəşad Mahmudov: "İnsanlar arasında ünsiyyətin artması infeksiyanın da çoxalmasına zəmin yaradır"

Rəşad Mahmudov: "İnsanlar arasında ünsiyyətin artması infeksiyanın da çoxalmasına zəmin yaradır"
# 11 mart 2021 13:34 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqədə olan, dünyanın aparıcı institutlarının verdiyi raportlar da göstərir ki, hazırda sərt karantin rejimi ölkələrdə bu virusun nəzarət altına alınmasında birmənalı olaraq faydalı görünmür”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

R. Mahmudov bildirib ki, sadəcə Azərbaycan üçün deyil, bütün dünya ölkələrində, eləcə də Avropanın hazırda inkişaf etmiş ölkələrində belə rəqəmlər, risklər qarşısında məhdudlaşdırıcı tədbirlər hələ də davam edir: "Həkim-ekspert kimi onu deyə bilərəm ki, ciddi, ağır karantin rejimlərinin bu işin gedişatına çox da təsir etmədiyi görünür. Dünya ekspertləri tərəfindən də bu həqiqət ortaya qoyulur. Hadisəyə daha çox təsir edən virusun özünün bioloji xüsusiyyətləri, davranışıdır. Bu, sadəcə COVİD-19-la deyil, bütün yayılan xəstəliklərlə əlaqəlidir. Eyni zamanda insanların özlərinin şəxsi gigiyenik qoruyucu metodlardan istifadəsi ilə bağlıdır. Bu qərarlar veriləndə tək bir faktor deyil, çoxlu faktorlar nəzərə alınaraq addımlar atılır. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələri nəzərə alınır. Dünya tibbi də, təcrübəmiz də onu göstərdi ki, bundan sonra hər bir ölkənin sərt karantin rejimlərinə getmədən, var olan vəziyyət və real parametrlərə görə, lokal qapanmalara getmələri tövsiyə olunur. Bu da COVİD-19-un yarada biləcəyi digər problemləri nəzarət altına saxlaya bilmək üçün olan addımlardır”.

R. Mahmudov Novruz bayramı ərəfəsində Operativ Qərargahın yenə də qapanmaya gedəcəyi ilə bağlı deyilənlərə də münasibət bildirib: “Bir həqiqəti qəbul etməliyik ki, insanlar arasında ünsiyyətin artdığı hər bir hadisə istənilən infeksiyanın artması üçün zəmin yaradır. Əfsuslar olsun ki, elə hadisələr də bayram dönəmlərinə tuş gəldiyinə görə elə görüntü yaranır ki, dövlət bayramlarda insanların bir-biri ilə görüşməsinə əngəl yaratmaq istəyir. Bu, reallıqda belə deyil. Biz əvvəllər 400-500 yoluxma olanda küçəyə belə çıxa bilmirdik, Bakıda ölü şəhər görüntüsü var idi. Ona baxmayaraq, indi artıq Azərbaycan səhiyyəsinin dözümlü olduğunu göstərən rəqəmlərlə üz-üzəyik. Ona görə düşünürəm ki, qərar vermə anında olan amillər fərqli olduğuna görə o qədər də sərt karantin rejimlərinə gedilməyəcək. Hökumət, eləcə də Operativ Qərargah bunun psixoloji təsirlərini nəzərə alaraq qərarlar verməlidir. O dönəmdə sərt karantin rejimi vaxt qazanmaq üçün atılan addım idi. Çünki çox ölkələrin səhiyyəsi bu virusa hazır deyildi. Hazırda bu, üstünlük verilən metod olmalı deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR