Rəşad Mahmudov: "Vaksinasiyadan bir il keçdikdən sonra daha təhlükəsiz və qorxusuz yaşaya biləcəyik"

Rəşad Mahmudov: "Vaksinasiyadan bir il keçdikdən sonra daha təhlükəsiz və qorxusuz yaşaya biləcəyik"
# 11 mart 2021 13:58 (UTC +04:00)

“Gələn ilin yayına doğru artıq vaksinasiyadan 1 illik müddət keçdikdən sonra biz daha təhlükəsiz, qorxusuz yaşaya biləcəyik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Sədr müavini bildirib ki, son günlərdə yoluxmanın yenidən artmasının ən başlıca səbəbi koronavirusun özünün xüsusiyyətləri ilə bağlıdır: “Bildiyiniz kimi, tez-tez mutasiyaya məruz qalan bu virus zaman içərisində daha da aqressivləşmə yolunu seçir. Digər tərəfdən havaların qeyri-stabil keçməsi, fərqli günlərdə isti və soyuq havaların sürətli dəyişməsi də virotik xəstəliklərin yayılması üçün zəmin yaradır. Bu iki amil hazırda ən real səbəblər kimi görünür. Bu gün də ölkəmizdə mənfi tendensiyanın olması hamımızı narahat edir. Gündəlik yoluxma sayını nəzarətdə saxlamaq üçün əsas məsələ hər bir cəmiyyət üzvünün hadisəyə qarşı olan reaksiyasıdır. Ən başda karantin rejiminin bizə diqtə etdiyi 3 əsas məsələyə riayət etməliyik. Eləcə də ictimai yerlərdə çox sıx təmasların azaldılmasına nail olmalıyıq”.

R. Mahmudov bildirib ki, virusa yoluxmanın immun sisteminin gücü və ya zəifliyi ilə əlaqəsi yoxdur: “Virusa yoluxma virusun özünün yoluxdurma xüsusiyyəti və yoluxdurmanın sürəti ilə əlaqəli hadisədir. Ona görə də virus öz xüsusiyyətlərini dəyişdirmədiyi, insana vermiş olduğu zərər, eləcə də yoluxmanın sürəti olan mutasiyalar mülayimləşmədiyi müddət ərzində bu təhlükə davam edəcək”.

Sədr müavini pandemiyanın daha nə qədər davam edəcəyi ilə bağlı suala da aydınlıq gətirib: “Bunu demək çətindir. Əlbəttə ki, hər bir şeyin başlanğıcı olduğu kimi, sonu da olacaq. Hazırda bu suala iki amilə görə cavab verə bilərik. Birincisi, vaksinasiya ən sürətli şəkildə getsə, 1 il içərisində bütün dünya əhalisinin vaksinasiya olunması ehtimalı var. İkincisi, vaksinasiya olunan insanlara vaksin olunandan bir il sonra virusun təsirinin necə olması aydınlaşmalıdır. Yəni virusun mutasiyalarına bu vaksinlərin təsir edib-etməyəcəyi sualına cavab tapılmalıdır. Bu sualların konkret cavabı olmadığı üçün pandemiyanın nə qədər davam etməsinin konkret cavabı olmayacaq. Amma əvvəlki ilə nisbətən bu gün daha səngimiş reazllıqla üz-üzəyik. Düşünürəm ki, gələn ilin yayına doğru artıq vaksinasiyadan 1 illik müddət keçdikdən sonra biz daha təhlükəsiz, daha qorxusuz yaşaya biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR