Sahil Babayev Göygöldə Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışında iştirak edib

Sahil Babayev Göygöldə Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışında iştirak edib
# 24 dekabr 2020 14:27 (UTC +04:00)

Göygöldə 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qırıqlı kəndində bu münasibətlə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Göygöl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev iştirak edib.

S. Babayev Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarına göstərilən xüsusi qayğı nəticəsində həmin qruplardan olan insanların reabilitasiya və sosial xidmətlərlə təmin olunmaq, cəmiyyətə inteqrasiya imkanlarının da artdığını vurğulayıb. O, sosial xidmətlərin əhatə dairəsinin son illərdə xeyli genişləndiyini, çoxspektrli sosial xidmətlər sisteminin qurulduğunu deyib.

Nazir reabilitasiya mərkəzləri kimi, 1000-dək vətəndaşın stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunduğu sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını bildirib.

S. Babayev qeyd edib ki, ötən il Nazirliyin Yevlax, Naftalan şəhərlərində Reabilitasiya Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə isə Lənkəran, Xaçmaz, Şirvan və Şəki Reabilitasiya Mərkəzlərinin müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi təmin olunub.

Bu gün isə daha bir müəssisə - 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi açılır. 116 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası müasir şərait yaradılıb.

Nazir yaxın vaxtlarda Sumqayıt Reabilitasiya Müəssisəsinin, Şağan Müalicə Pansionatının, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Həmçinin Şəmkir və Qəbələ şəhərlərində 50 çarpayılıq Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinin davam etdiyini diqqətə çatdırıb.

S. Babayev sosial infrastrukturun müasir tələblərə uyğun qurulması ilə yanaşı, sosial xidmətlərin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin də aparıldığını qeyd edib. Bildirib ki, əsas məqsəd hədəf qrupları olan insanların həyatında bu xidmətlərin daha təsirli və effektiv rola malik olmasını təmin etməkdir.

T. Əliyev rayonda belə bir müasir sosial müəssisənin açılmasının dövlət başçısının sosial sahəyə və eyni zamanda, regionların inkişafına xüsusi diqqət və qayğısının növbəti ifadəsi olduğunu vurğulayıb.

Sonra Psixonevroloji Sosial Xidmət Müəssisəsində yaradılan şəraitə baxış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR