Sahil Babayev: “Son bir ayda 4500-dən artıq şəhid və müharibə iştirakçılarının ailəsi sosial dəstək proqramları ilə əhatə olunub"

Sahil Babayev: “Son bir ayda 4500-dən artıq şəhid və müharibə iştirakçılarının ailəsi sosial dəstək proqramları ilə əhatə olunub"
# 24 dekabr 2020 14:40 (UTC +04:00)

“Ölkə Prezidentinin tapşırığına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər insanların sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə silsilə, ardıcıl tədbirlər həyata keçirilir. Bunlardan biri də Gəncə şəhərində baş tutub və 103 mənzil şəhid ailələrinə, müharibə əlillərinə təqdim edilib”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, özünüməşğulluq proqramında da bu kateqoriyadan olan insanlara dəstək tədbirləri genişləndirilir: “Bu günə qədər 790 şəhid ailəsinə özünüməşğulluq tədbirləri çərçivəsində dəstək vermişik. Eyni zamanda 500-dən artıq müharibə əlilinə də özünüməşğulluq proqramı çərçivəsində kiçik və mikrobiznesin qurulması təmin edilib. Sosial-psixoloji dəstək tədbirlərimiz də davam edir. Tam bir ay ərzində bu kateqoriyadan olan 2000-dən artıq ailəyə psixoloji dəstək göstərilib. Onların bəziləri reabilitasiya mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb olunub. Ümumilikdə 1500-dən artıq şəhid ailə üzvlərinə və müharibə iştirakçılarının ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş müavinətlər və təqaüdlər təqdim edilib. Son bir ay ərzində 4500-dən artıq şəhid ailəsi və müharibə iştirakçılarının ailəsi sosial dəstək proqramları ilə tam şəkildə əhatə olunublar”.

Nazir qeyd edib ki, bunların içərisində ən önəmlisi ölkə Prezidentinin tapşırığı ilə bu il 1500 mənzilin bu kateqoriyadan olan insanlara təqdim edilməsi idi: “Bugünkü və sabahkı təqdimetmə mərasimləri ilə 1300-dən artıq mənzil və fərdi ev bu insanlara təqdim edilmiş olacaq. Növbəti günlərdə də aktiv şəkildə təqdimetmə davam edəcək. İlin sonuna qədər 1500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlara təqdim edilməsi üzərində iş aparacağıq. Ölkə başçısının ən çox diqqət verdiyi, prioritet hesab etdiyi məsələ məhz Azərbaycan vətəndaşlarının rifah halıdır, bunu dəfələrlə bildirib. Hər zaman da qeyd edir ki, Azərbaycan hökumətinin fəaliyyətində ana xətt vətəndaşların social rifahı, onların şəraitinin yaxşılaşdırılmasıdır. Burada da hər zaman xüsusi önəm məhz bizim döyüşçülərimizə, onların ailələrinə yönəlir. Həm şəhid ailələri, həm müharibə əlilləri, həm də müharibə iştirakçıları dövlətin qayğısı ilə əhatə olunurlar. Bunlardan biri də avtomobil təminatıdır ki, bu gün bu kateqoriyadan olan 50 vətəndaşa da avtomobillər təqdim ediləcək. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq müxtəlif yeni layihələr də hazırlanır. Bu proqramlar, layihələr barədə də qısa müddət ərzində məlumat veriləcək Hər kəs bilsin ki, bu məsələ dövlət başçısının diqqətindədir və bu istiqamətdə Azərbaycan hökumətində silsilə tədbirlər görülüb, bundan sonra da görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR