Şamaxının Saqiyan kəndinin adının dəyişdirilməsinin səbəbləri açıqlanıb

Şamaxının Saqiyan kəndinin adının dəyişdirilməsinin səbəbləri açıqlanıb
  • Clock-gray 13:25
  • calendar-gray 14 Dekabr 2020

Dekabrın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib.

Əvvəlcə Siyavuş Novruzov “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi  adlandırılması  haqqında” qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad  edilən bir  sıra ərazilərimizdə  kənd  və rayon  adlarının dəyişdirilməsi  prosesinə  artıq başlanılıb: "Şamaxı rayonunun sərhəd  təmas xəttindən kənarda  yerləşməsinə  baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi  dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq  daşımır. Mənfur qonşularımız  tərəfindən bəzən belə  məkanların adları  müxtəlif  məkrli məqsədlərə yozulur, “xülyalarını”  dünya ictimaiyyətinə  çatdırmaqda vasitə kimi istifadə  edilir".

Komitə  sədri  Toponimiya  Komissiyası ilə müvafiq məsləhətləşmələr  aparıldıqdan  sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi  baxımından  güney ərazidə yerləşən  kəndin Günəşli  adlandırılmasının məqsədəuyğun hesab edildiyini  diqqətə çatdırıb. Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli  və işıqlı mənalarını özündə əks  etdirir.

Siyavuş Novruzov gündəlikdəki ikinci məsələnin - “Bələdiyyələrin əraziləri  və  torpaqları  haqqında”  qanuna  əlavə  edilmiş “Azərbaycan Respublikasında  Bələdiyyələrin Siyahısı”nda  dəyişiklik edilməsi   barədə  sənədin  də  bununla  bağlı olduğunu, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan  bələdiyyəsinin  Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə  tutulduğunu vurğulayıb.

Onlayn toplantıda Aqrar  siyasət komitəsinin  sədri  Tahir  Rzayev, komitə  üzvləri Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Məzahir  Əfəndiyev müzakirə  edilən məsələlərlə bağlı  fikirlərini  bildiriblər. İşğaldan  azad  olunmuş ərazilərimizdə  bələdiyyələrin formalaşması, sürətli  məskunlaşmanın və torpaq  islahatı prosesinin həyata  keçirilməsi, yeni ərazi  vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti barədə söhbət  aparılıb.  Belə məsələlərin həyata  keçirilməsində  dövlət  mexanizmləri və dünya  təcrübəsi  barədə  danışılıb.

Onlayn  iclasda komitə  üzvləri Nizami Cəfərov, Cavid  Osmanov, Əliabbas  Salahzadə, Elşən Musayev, Malik Həsənov, Emin Hacıyev,  Səbinə Xasayeva da qatılıblar.

İclasın sonunda hər iki məsələnin Milli Məclisin plenar iclasında  baxılması üçün tövsiyə  edilməsi  qərara  alınıb.

Firuzə Vahid

Digər xəbərlər