Səbail rayonunda şəhidlərin xatirə abidəsinin açılışı olub

Səbail rayonunda şəhidlərin xatirə abidəsinin açılışı olub
# 18 yanvar 2021 14:40 (UTC +04:00)

Yanvarın 18-də Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları və onların xatirəsinə inşa olunan abidə lövhəsi Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Səbail Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Azərbaycanın xalq artisti Mənsum İbrahimov, Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, hüquq-mühafizə orqanları nömayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub.

APA-nın məlumatına görə, ilk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub. Xatirə lövhəsinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. İcra başçısı qeyd edib ki, şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. “Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. “Şəhid ailələrinin problemləri ilə maraqlanıb onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini vurğulayan Rayon İcar Hakimiyyəti başçısı Vuqar Zeynalov həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradıldılıb. Bu şöbənin əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər", -deyə icra başçısı qeyd edib.

Görüş zamanı qeyd olunub ki, İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub və məzarlığın giriş hissəsində xüsusi hazırlanmış mərmər lövhədə onların adları həkk olunmuş abidə quraşdırılıb. Bununla yanaşı, məzarların ətrafında abadlıq işləri aparılıb. Eyni zamanda, qəbirstanlığa gedən yola yeni asfalt örtüyü salınıb.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri də göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR