Səhiyyə Nazirliyi koronavirusa yoluxmanın artmasına səbəb olan halları açıqlayıb

Səhiyyə Nazirliyi koronavirusa yoluxmanın artmasına səbəb olan halları açıqlayıb
# 14 noyabr 2020 12:40 (UTC +04:00)

"Artıq qış mövsümünün astanasındayıq və bu dövrdə kəskin respirator xəstəliklərə yoluxma riski və ehtimalı çox yüksək olur. Nəzərə alsaq ki, hazırda COVID-19 pandemiyası davam etməkdədir, bu zaman eyni vaxtda bir neçə virusa yoluxma ehtimalı da mövcuddur".

Bunu APA-ya Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

O bildirib ki, son bir neçə həftə ərzində ölkə üzrə yeni növ koronavirusa yoluxanların statistikasında mənfi dinamika müşahidə olunur: "Bu, o deməkdir ki, infeksiyaya yoluxan xəstələrin sayında nəzərə çarpan artım var. Bu artımın bir sıra müxtəlif səbəblərini qeyd etmək lazımdır. Bu səbəblər arasında gün ərzində havanın dəyişkən mülayim keçməsini, payızın gəlməsi ilə əlaqədar orqanizmin immun statusunun zəifləməsini qeyd etmək olar. Bununla yanaşı, məlum olduğu kimi son həftələr ərzində ölkədə müharibə vəziyyəti elan olunub. Bu səbəbdən də əhali tərəfindən xəstəliyə qarşı diqqət azalıb və bu məsələ bir qədər ikinci plana keçib".

N.Mürsəlova qeyd edib ki, hazırda ölkədə davam edən xüsusi karantin rejiminin qaydalarına görə kütləvi tədbirlərin keçirilməsinə qarşı irəli sürülən tələblərin hələ də qüvvədə olmasına baxmayaraq, insanların dəfn mərasimlərində və səfərbərlik məntəqələrinin önündə sıx şəkildə toplanması xəstəliyə yoluxanların sayındakı artıma səbəb olub: "Əksər respirator xəstəliklərin kliniki simptomları oxşardır və buna görə də xəstənin məhz COVID-19 infeksiyasına yoluxub-yoluxmadığını dəqiqləşdirmək çox vacibdir. Bu zaman düzgün diaqnostika yalnız laborator müayinənin keçirilməsi ilə mümkündür. Bir çox xəstələrin həkimə gec müraciət etməsi və ya evdə özünümüalicə ilə məşğul olması xəstəliyin ağırlaşmasına və bəzi hallarda hətta ölümlə nəticələnməsinə gətirib çıxarır. Respirator simptomları və ya hərarəti olan insanlar bəzən COVID-19 diaqnozundan sanki ehtiyat edərək, özlərini evdə ən çox yayılmış üsullardan olan antibiotiklərlə, virus əleyhinə istənilən dərmanlarla və ya hormonal preparatlarla müalicə etməyə başlayırlar. Adətən, belə müalicə üsulları ailə üzvü, qohum, tanış və ya iş yoldaşının məhz bu dərmanlarla müalicə olunmasından əmin olan xəstələr tərəfindən istifadə olunur. Lakin unutmaq olmaz ki, oxşar simptomlar eyni xəstəlik demək deyil və müxtəlif insanlarda eyni dərmanlarla müalicə olunmur. Son həftələrin müşahidəsi onu göstərir ki, xəstəxanaya ağırlaşmış vəziyyətdə daxil olan xəstələrin böyük hissəsi evdə özünümüalicə ilə sağaltmağa çalışan və ya vaxtında və müvafiq mütəxəssisə müraciət etməyən şəxslərdir. Bu insanlar arasında pərakəndə şəkildə antibiotiklərdən istifadə edənlər əksəriyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, ehtiyac olmadan antibiotiklərdən istifadə olunması digər sağlamlıq problemlərinə gətirib çıxarır. Eyni zamanda ehtiyac olmadan genişspektrli (yəni güclü) antibiotiklərdən istifadə edilməsi isə artıq ağırlaşmış vəziyyətdə xəstəxanaya daxil olan xəstələrin müalicəsi üçün antibiotik seçiminin olmamasına səbəb olur və belə xəstənin yanaşı bakterial ağırlaşmasını artıq müalicə etmək çox çətin olur və ya mümkün olmur".

Həkimin sözlərinə görə, hormonal preparatların ev şəraitində istifadəsi arzuolunmazdır, çünki onlar xəstəliyin əlamətlərini gizlədərək yaxşılaşma təəssüratı yaradır və bu zaman inkişaf edən ağırlaşma gec nəzərə çarpır. Bu da artıq xəstəxanaya düşən insanın müalicəsini çətin və ya mümkünsüz edir: "Əhaliyə bir daha müraciət etmək istərdim ki, ilk növbədə hətta açıq havada belə sıxlıq olduqda tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə, fiziki məsafənin saxlanmasına riayət etsinlər. Eyni zamanda kütləvi tədbirlər, iştirak edilməsi vacib olmayan dəfn, yas və ya digər toplantı yerlərinə getməkdən çəkinmək yolu ilə xəstəliyə yoluxmadan özlərini və yaxınlarını qorusunlar. Xəstəlik əlamətləri qeyd edildikdə özlərini təcrid etməklə yanaşı dərhal aidiyyəti üzrə həkimə müraciət etsinlər, laboratoriya müayinəsindən keçib, erkən və düzgün müalicəyə cəlb olunsunlar. Mən əminliklə bildirirəm ki, bütün bu deyilənlərə əməl etməklə biz özümüzü və ətrafımızdakı insanları xəstəlikdən müdafiə edə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR