Şəkidə qədim Albaniyanın yeni dəfn abidələri aşkar olunub

Şəkidə qədim Albaniyanın yeni dəfn abidələri aşkar olunub
# 16 dekabr 2020 10:58 (UTC +04:00)

Şəkidəki "Kiş" Tarix-Memarlıq Qoruğunda Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 70 gün ərzində arxeoloji və antropoloji tədqiqatlar aparılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən mlumata görə, beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi çevrələrdə tanınmış alim, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik edir.

Antik dövrə aid Kiş-Doxun abidəsində tədqiqatlar 1984-cü ildə tanınmış arxeoloq Nəsib Muxtarov tərəfindən aparılıb. Ondan sonra tədqiqatlar dayanıb və qəbiristanlığın böyük bir hissəsini Kiş çayı yuyub dağıdıb. 2020-ci il tədqiqatları nəticəsində Kiş-Doxun qəbiristanlığında antik dövr üçün unikal dəfn adətlərini özündə əks etdirən döyüşçü qəbirləri aşkar olunub ki, bunlardan bəziləri daş düzümlü kiçik təpə formalı struktura sahibdir. 1 nömrəli qazıntı sahəsinin şimal hissəsindən Qafqazda və Yaxın Şərqdə təkrarı olmayan böyük küpdə kollektiv dəfn aşkar olunub.

5 insan kəlləsi və sümükləri küpün içərisində olmaqla yanaşı, həm də ətrafındadır. Ondan əlavə, beli üzərində uzadılmış bütöv skelet də var. Bir sıra xüsusiyyətlərinə görə bu, Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri - nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxıb. Ondan əlavə, bu qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi-mədəniyyət nümunələri əldə olunub.

2 saylı qazıntı sahəsinin 2 nömrəli qəbirində yenə kollektiv dəfn olunmuş qəbir aşkar edilib. Buradan antik dövrə aid saxsı qablar, böyük dairəvi, oval və aypara formalı tunc asma və tikmə bəzəklər, tunc, şüşə və pastadan olan muncuqlar, tunc düymələr, tunc zəncirlər, dəmir və tunc qolbaqlar, dəmir nizə ucluqları, dəmir bıçaqlar və Roma üslublu göz muncuqları əldə olunub. Qəbir 3 müxtəlif qatdan (yarusdan) ibarət idi. Üst qatda böyük küpün içində və ətrafında insan sümükləri pərakəndə halda aşkar olunub. Qəbirin alt qatında 18 insan kəlləsi və müxtəlif insan sümükləri yenə də pərakəndə halda qeyd olunub. Buna baxmayaraq, qəbirin bütün avadanlıqları yerində olub. Bu qəbirin yanında tədqiq olunmuş həmin dövrə aid ayin yerində sarmat tipli damğalı böyük küpələrin fraqmentləri üzə çıxarılıb.

Tədqiq olunan qəbirlər əldə olunmuş keramika nümunələri əsasında b.e. 1-3 əsrlərinə aid oluna bilər. Təsvir olunan iki müxtəlif dəfn adəti Albaniyanın arxeoloji tarixinin öyrənilməsində tamamilə yeni bir səhifə açır. Arxeoloji tədqiqatların nəticələri, qəbir konstruksiyaları, dəfn adətləri və s. qonşu bölgələrin abidələri ilə müqayisə olunaraq təhlil olunacaq. Əldə olunmuş materiallar kompleksinin fotoları AutoCAD proqramında dəqiq qrafik təsvirləri çəkilərək sənədləşdiriləcək. Nekropolun dron çəkilişi vasitəsi ilə ortofotoplanı hazırlanıb. Tapılan nümunələr analizlər üçün beynəlxalq laboratoriyalara göndəriləcək və tədqiqatın nəticələri beynəlxalq indeksli jurnallarda nəşr ediləcək.

Ümumiyyətlə, Doxun nekropolu qədim Albaniyanın arxeologiyasının və tarixinin öyrənilməsində unikal bir rol oynayır. Regionda təkrarı olmayan antik dövr dəfn adətinin, həm bəzək, həm silah nümunələrinin tapılması, eyni zamanda erkən xristianlığa keçid dövrünə aid keramika nümunələrinin üzə çıxması qədim albanların mədəniyyətinin müəyyən məsələlərini öyrənməyə imkan verir. Burada müxtəlif mədəniyyətlərin Albaniyada bir-biri ilə rastlaşması da müşahidə olunur. Cənubi Qafqaz sənət nümunələri, Roma tipli bəzəklər və Sarmat tipli tapıntılar burada bir yerdə aşkar olunurlar.

Ekspedisiya tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva da iştirak ediblər. Onların tədqiqatı əsasında Kiş-Doxun qəbiristanlığında tapılan insan skeletlərinin yaşı, cinsi, aşkar görünən zədələri, patologiyaları müəyyən ediləcək.

Antropoloqların tədqiqatının ikinci hissəsinə xristianlıq dövrünə aid olan Kiş Alban Məbədi daxil idi. Orada aşkar olunmuş skeletlər tədqiqata cəlb edilib onların üzərində konservasiya işləri aparılıb.

Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, builki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR