Soltan Məmmədov: "İndiki vaxtda koronavirusa yoluxma hallarının artması ölkəni çox çətin sınaqlar qarşısında qoya bilər"

Soltan Məmmədov: "İndiki vaxtda koronavirusa yoluxma hallarının artması ölkəni çox çətin sınaqlar qarşısında qoya bilər"
# 23 oktyabr 2020 14:08 (UTC +04:00)

“COVİD-19 pandemiyasına yoluxma halları ilə bağlı statistikanın artması həyəcan təbili çalmaq üçün çox ciddi siqnaldır. Hər bir vətəndaşımız vəziyyətin ciddiliyini nəzərə almalıdır”.

Bunu APA-ya Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Soltan Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi üçün uğurlu əks-hücum əməliyyatları apardığı bir vaxtda vətəndaşlarımız daha məsuliyyətli və diqqətli olmalıdır: “Çünki indiki vaxtda yoluxma hallarının artması ölkəni çox çətin sınaqlar qarşısında qoya bilər. İndi hər bir azərbaycanlı əsgərlərimizə dəstək olmağa çalışır. Ancaq vətənpərvərlik həm də vətəndaş məsuliyyəti deməkdir. Biz ərazi bütövlüyümüz uğrunda canlarından keçməyə hazır olan, döyüş bölgəsində əsl fədakarlıq göstərən gənclərimizin sağlamlığını düşünməliyik. Düşünməliyik ki, tendensiya bu cür davam etsə bu, onların mənəvi-psixoloji durumuna necə təsir göstərə bilər? Səhiyyəmiz hansı çətinliklərlə üz-üzə qala bilər?”

Deputatın sözlərinə görə, Azərbaycanın bütün müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətinin təmsilçiləri ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmək üçün mütəmadi və sistemli iş aparır: “Təəssüf ki, görülən işlərə, edilən xəbərdarlıqlara ictimai münasibət arzu olunan səviyyədə deyil. Əslində, vətəndaşlardan mümkün olmayan nəsə tələb edilmir. Sadəcə, fiziki məsafə, tibbi qoruyucu vasitələrdən istifadə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan bəzi məhdudiyyətlərə riayət etmək lazımdır. Bu, həm bizim Vətən müharibəsində qələbəmiz, həm də koronovirusla mübarizədə uğur qazanmağımız üçün həyati əhəmiyyət daşıyır.”

S. Məmmədov bildirib ki, karantin rejiminin yenidən sərtləşdirilməsi, məhdudiyyətlərin artırılması, inzibati nəzarətin gücləndirilməsi zərurətə çevrilə bilər: “Lakin müharibə şəraitində olan bir ölkədə bu addımların atılması iqtisadi inkişafa da mənfi təsir göstərir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciət edərək yoluxmanın minimuma endirilməsi üçün hər kəsi koronavirusun təhlükəsini unutmamağa, qaydalara riayət etməyə çağırması dövlətin bu məsələyə nə qədər həssas yanaşdığını göstərir. Dövlət öz üzərinə düşən bütün vəzifələri maksimum uğurla yerinə yetirir. İndiki şəraitdə daha çox məsuliyyət vətəndaşların üzərinə düşür. Bu baxımdan hesab edirəm ki, bu çağırışlara diqqətlə yanaşmaq hər kəsin borcudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR