Soltan Məmmədov: "Tibbi tullantıların zərərsizləşdirilməsi ilə bağlı ciddi problem var"

Soltan Məmmədov: "Tibbi tullantıların zərərsizləşdirilməsi ilə bağlı ciddi problem var"
# 16 mart 2021 17:24 (UTC +04:00)

Bu gün bir çox müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq obyektlərində tibbi tullantıların zərərsizləşdirilməsi ilə bağlı ciddi problem mövcuddur.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, tibbi tullantılar standartlara cavab verməyən quyularda yandırılır və əksər hallarda Mənzil-Kommunal Təsərrüfat Birlikləri tərəfindən bərk məişət tullantıları ilə birlikdə daşınır: “Hazırda COVID-19-a yoluxmuş şəxslərin müayinə və müalicəsinin aparıldığı müəssisələrdən tibbi tullantılar, eyni zamanda, vaksinasiya prosesində yaranan tibbi tullantılar müvafiq qurumlar tərəfindən çeşidlənərək daşınır və xüsusi termik qurğularda zərərsizləşdirilir. Lakin bəzi obyektiv səbəblərdən tibbi tullantıların idarə olunması sahəsində indiki vəziyyət qənaətbəxş hesab edilə bilməz. Bu səbəblər sırasında ölkədə tibbi tullantıların zərərsizləşdirilməsini həyata keçirən müəssisələrin sayının az olması və təklif olunan xidmət haqlarının Tarif Şurasının qərarı ilə müəyyənləşdirilən tariflərdən yüksək olması qeyd edilməlidir”.

Deputat qeyd edib ki, digər tərəfdən bu sahədə fəaliyyət göstərən müəssisələrin əksəriyyəti Abşeron yarımadasında yerləşdiyindən uzaq regionlardan tullantıların daşınma xərcləri yüksək olur və ətraf mühit üçün təhlükə ehtimalı artır: “Ötən müddətdə bir neçə müalicə-profilaktika müəssisəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə olunub, bəzilərinə isə nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib. Bu baxımdan, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təkmilləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu məsələdə özəl təşkilatların təşviq edilməsi, eyni zamanda müvafiq sahə ilə məşğul olan qurumların fəaliyyətinin koordinasiya olunması çox vacibdir. Bunun üçün əlavə vəsaitin cəlb olunmasına da ehtiyac yoxdur. Sadəcə qaydalar müasir tələblərə və reallıqlara uyğunlaşdırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR