Sosial Xidmətlər Agentliyi yaşayış yeri olmayanları sığınacaqla təmin edəcək

Sosial Xidmətlər Agentliyi yaşayış yeri olmayanları sığınacaqla təmin edəcək
# 30 iyun 2020 17:45 (UTC +04:00)

Sosial Xidmətlər Agentliyinin vəzifə və hüquqları məlum olub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

- müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirmək;

- müvafiq sahədə zəruri infrastrukturun və şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi ilə bağlı tədbirlər görmək;

- sosial xidmətə ehtiyacı olan şəxslərin digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etməsinə imkan yaradılması üçün tədbirlər həyata keçirmək, bayramlarda və digər əlamətdar günlərdə müxtəlif həvəsləndirici tədbirlər təşkil etmək;

- əlilliyi olan şəxslərin sosial müdafiəsinə dair təhlillər aparmaq, bədən tərbiyəsi və idmana cəlb etməklə onların beynəlxalq yarışlarda iştirakına şərait yaratmaq, əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış idman-sağlamlıq mərkəzlərinin yaradılması və əlilliyi olan istedadlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların aşkar edilməsi məqsədilə tədbirlər görmək;

- müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti sığınacaqla təmin olunması barədə qərar qəbul etmək;

- baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ahıllıq, xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə yerləşdirilməsi barədə qərar qəbul etmək;

- “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin, o cümlədən məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi və onlara psixoloji yardım göstərilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət yardım mərkəzləri yaratmaq və qeyri-dövlət yardım mərkəzlərini akkreditasiyadan keçirmək;

- “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alveri qurbanları üçün aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla yaradılan yardım mərkəzlərində olanların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdimatı əsasında peşə və sosial reabilitasiyasını həyata keçirmək;

- penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbulunu təmin etmək;

- əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya müəssisələrində reabilitasiyası ilə bağlı tədbirlər görmək;

- qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda vətəndaşların sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsini təşkil etmək;

- uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki “Məzun evi” sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək;

- baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, habelə görmə qabiliyyəti məhdudluğu olan 5–29 yaşlı şəxslərin sosial reabilitasiyasını həyata keçirmək;

- “Əmək veteranı” adı və vəsiqəsinin verilməsini təmin etmək;

- dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;

- xüsusi avtonəqliyyat almaq üçün tibbi göstəriş əsasında əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məqsədilə tədbirlər görmək;

- fəaliyyət istiqamətinə uyğun olaraq, sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək, müqavilələr bağlamaq və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;

- yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirmək, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil etmək;

- vətəndaşlara (çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər göstərmək;

- tabeliyində olan ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisələrin fəaliyyətində sosial reabilitasiyanın müasir metodika və texnologiyalarını tətbiq etmək, onların fəaliyyətinə nəzarət etmək, həmin müəssisələrin və sosial xidmət şəbəkəsinin inkişafına dair təklifləri Nazirliyə təqdim etmək;

- valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin etmək;

- övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək;

- Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

- müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

- dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;

- müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək;

- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

- müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı Nazirliyə təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

- strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

- müvafiq sahə ilə bağlı innovativ layihələrin (o cümlədən startapların) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

- fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

- müvafiq sahədə normativ-hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə Nazirliyə təklif vermək;

- müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

- icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

- müvafiq sahədə dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

- əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR