Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi təsdiqlənib

Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi təsdiqlənib
# 30 iyun 2020 17:32 (UTC +04:00)

Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb.

Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti 4 (dörd) nəfərdən – Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahənin inkişafını təmin etmək;

- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;

- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək;

- övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək;

- müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və təklifləri dəstəkləmək;

- bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

Agentliyin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR