TƏBİB: Dünya ölkələrində koronavirusa yoluxanlar arasında 4-18 faiz ölüm var, Azərbaycanda ölüm faizi daha aşağıdır

TƏBİB: Dünya ölkələrində koronavirusa yoluxanlar arasında 4-18 faiz ölüm var, Azərbaycanda ölüm faizi daha aşağıdır
# 18 iyun 2020 19:05 (UTC +04:00)

“Bir çox ölkələrdə koronavirusdan vəfat edənlərin sayı Azərbaycanda xəstəliyə yoluxanların sayı qədərdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, dünya ölkələrində yoluxanlar arasında 4-18 faiz ölüm var: “Azərbaycanda isə ölüm faizi daha aşağıdır. Bu, səhiyyə sisteminin hazırlığı ilə bağlıdır. Son günlər Almaniya, İtaliya kimi ölkələrdə yoluxma artır. Türkiyədə bir sıra şəhərlərdə belə maskanın tətbiqi tələbi qoyulub. Çində yenə sərt tədbirlər tətbiq olunur. Azərbaycan dövlətinin siyasətinin mərkəzində insanlarımızın sağlamlığı dayanır. Çünki biz bu məhdudiyyətləri tətbiq etməklə xəstəliyin gedişinin dalğavarı olmasını təmin etmək istəyirik. Xəstəliyin qarşısının alınması qəti surətdə karantin rejiminin tətbiqi ilə mümkün olmayacaq. Xəstəliyin qarşısının alınması peyvənd və dərmanın tapılması ilə mümkün olacaq. Bu gün də bunlar yoxdur. İndiyə qədər 10-a yaxın mərkəzdə ciddi tədqiqatlar aparılır, iki mərkəzin tədqiqatı üçüncü mərhələyə keçib. Ancaq peyvənd tapılsa da, ola bilər ki, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacaq. Bir ehtimal da var ki, virus mutasiya olunsun və həyatımızdan itsin. Ancaq bu, o qədər də real deyil”.

TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, bir sıra ölkələrdə vəziyyət də təqdim olunduğu kimi deyil: “Təhlükə çox ciddidir. Əgər xəstəlik dalğavarı deyil, yüksələn xətlə inkişaf edərsə, səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz və daha çox ölümlər olar. Atılan addımlarda məqsəd xəstəliyin yüksələn xətlə deyil, dalğavarı yayılmasına nail olmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR