TƏBİB vətəndaşları koronavirus xəstələrindən əlavə ödəniş tələb edənlərin qanunla cəzalandırılmasında yaxından iştirak etməyə çağırır

TƏBİB vətəndaşları koronavirus xəstələrindən əlavə ödəniş tələb edənlərin qanunla cəzalandırılmasında yaxından iştirak etməyə çağırır
  • Clock-gray 14:20
  • calendar-gray 07 Dekabr 2020

“Son bir il ərzində COVİD-19 pandemiyası bütün dünyanı çətin sınaq qarşısında qoyub. Bu bəşəri bəla ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda iştirak edən bütün dövlət qurumları infeksiyanın qarşısının alınması istiqamətində mütəmadi və təxirəsalınmaz tədbirlər həyata keçirir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də 27 fevral 2020-ci ildən bu günə kimi Qərargahda təmsil olunan çoxsaylı dövlət qurumları ilə birlikdə öz fəaliyyətini davam etdirir”.

APA-nın xəbərinə görə, bun barədə TƏBİB-in məlumatında bildirilir.

Məlumatda deyilir ki, hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməkdədir: “Bütün xəstəxanalarımızda müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına həyata keçirilir. Tam əminliklə bildiririk ki, hazırda xüsusi rejimli xəstəxanalarımızın hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilmişdir. COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Bununla yanaşı, tibb müəssisələrimizin bir hissəsi də 44 günlük Vətən Müharibəsində yaralanmış qazilərimizə tibbi xidmət göstərməyə davam edir.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər”.

TƏBİB media nümayəndələrindən və vətəndaşlardan koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyi xahiş edir.

Bildirilir ki, müraciət edən şəxslərin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Qeyd edilən hallarla bağlı [email protected] ünvanına müraciət etməklə, yaxud +99451513 15 42 telefonuna zəng etməklə məlumat vermək olar.

Əsmər Qabil

Digər xəbərlər