TIMSS 2019 nəticələrinə dair onlayn vebinar keçirilib

TIMSS 2019 nəticələrinə dair onlayn vebinar keçirilib
# 09 dekabr 2020 14:45 (UTC +04:00)

“İstənilən beynəlxalq qiymətləndirmə həm də bir reytinq cədvəlidir. Biz bu reytinq cədvəlində öz yerimizi görürük, qürurlanırıq, həm də nəticə çıxarırıq ki, nəyi başqa cür eləmək lazımdır. İndi qürur mənbəyimiz budur ki, riyaziyyat üzrə 52 bal artımla irəliləməmişik. Amma rahatlanmağa da yer yoxdur, bu işi davam etdirmək lazımdır”.

APA-nın məlumatına görə, bunu TIMSS 2019 nəticələrinə dair keçirilən onlayn vebinarda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, üzərində dərin fikirləşməli olunan məsələlərdən biri budur ki, təbiət fənlərində niyə irəliləyiş əldə edilə bilmir: “Burada obyektiv səbəbləri araşdırmaqla və bunun üzərində də iş aparmaqla irəli gedə bilərik”.

Proqram barədə məlumat verən şöbə müdiri qeyd edib ki, TİMSS tədqiqatdır, bu, olimpiada deyil ki, hər hansı konkret uşağın nəticəsi olsun: “Bu tədqiqatlarda anonim şəkildə bütün ölkəni təmsil edən uşaqlar arasında aparılır. Onlar üçün bu, adi məktəbdaxili qiymətləndirmədən fərqlənməyən iş idi. Sadəcə olaraq onlara suallar paylanılıb və onlar da bu suallar ətrafında bildiklərindən yazıblar. Burada söhbət hər hansı uşağın göstəricisindən yox ümumilikdə təhsil müəssisəsinin səviyyəsindən gedir”.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva isə bildirib ki, TIMMS tədqiqatında təbiət elmləri dedikdə daha çox fiziki, bioloji, kimyəvi hadisələr və yer coğrafiyasını əhatə edən biliklərin inteqrasiya olunmuş vəhdətindən söhbət gedir.

Onun sözlərinə görə, ibtidai təhsil səviyyəsində bu vəhdəti təmin edə biləcək məzmun ortaya qoyulmayıb: “Bizim nisbətən yaxın gələn fənnimiz “Həyat bilgisi” fənnidir. Bu da kurrikulum islahatından sonra tətbiq edilməyə başlayıb. Lakin “Həyat bilgisi” fənninin məzmununa baxanda burada həm təbiəti görürük, həm sağlamlıq, həm təhlükəsizlik, hüquq, maliyyə savadlılığı, etika, mədəniyyət, əxlaq və bir çox aspektləri görürük. Bu, bizim TIMMS beynəlxalq tədqiqatında gördüyümüz təbiət elmələri deyil. Buna görə də uşaqlara o formada məzmun vermədiyimiz üçün bu nəticənin alınması arasında əlaqə var. Yəni, səbəbləri bilirik və nəticəni də görürük. Biz təbiət elmləri istiqamətində bir neçə layihəni icra etməyə başlamışıq. Ümumiyyətlə, “Həyat bilgisi” fənninin məzmununa, hətta bu fənninin və yaxud ümumiyyətlə təbiət elmləri fənnlərinə verilən saatlara da bir daha baxmalıyıq. Çünki təbiət elmlərində yüksək nəticə göstərən ölkələrlə bizi müqayisə etsək, həftədə o fənnə ayrılan saatlar kəskin fərqlənir. Biz sinqapurlu həmkarlarımızla əməkdaşlıq çərçivəsində “Həyat bilgisi” fənninin məzmunu nisbətən daha çox beynəlxalq aləmdə keçirilən təbiətə yönəlik edəcəyik. Bunun məntiqi və məzmun ardıcıllığı V sinifdə “Təbiət” fənni ilə, yuxarı siniflərdə isə biologiya, kimya, fizika və digər fənnlərlə əhatə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR