TİT modelində investisiya layihələrinin həyata keçirilməsi şərtləri dəyişdirilib

TİT modelində investisiya layihələrinin həyata keçirilməsi şərtləri dəyişdirilib
# 19 mart 2021 14:24 (UTC +04:00)

“Tik-idarə et-təhvil ver” (TİT) modelində investisiya layihələrinin həyata keçirilməsinin şərtləri və investorlar qarşısında qoyulan tələblərə dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”na dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, bütün namizədlər və ya müəyyən namizədlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla keçirilən müsabiqədə azı 2 (iki) namizəd iştirak etməlidir. Keçirilən müsabiqədə namizədlərin sayı 2-dən (ikidən) az olduqda, müsabiqə baş tutmamış hesab ediləcək.

Əvvəllər bütün namizəd şirkətlər və ya müəyyən namizəd şirkətlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla ilk dəfə keçirilən müsabiqədə ən azı 3 (üç) namizəd şirkət iştirak etməli idi. İlk dəfə keçirilən müsabiqədə namizəd şirkətlərin sayı 3-dən (üçdən) az olduqda, müsabiqə baş tutmamış hesab olunur və ikinci dəfə müsabiqə elan edilirdi.

Eyni zamanda edilən dəyişikliyə görə, bütün namizədlər və ya müəyyən namizədlər arasında keçirilmiş müsabiqədə müsabiqə qalibinin müəyyən edilməsi mümkün olmadığı və ya müsabiqə baş tutmadığı təqdirdə, investor, bu sənəddə nəzərdə tutulmuş hallara istinad edilmədən səlahiyyətli orqanın əsaslandırılmış qərarı qəbul edilməklə, birbaşa cəlbetmə üsulu ilə müəyyənləşdiriləcək. Bu cür qərarda müəyyənləşdirilmiş investorun təcrübəsinin, texniki, maliyyə və digər göstəricilərinin layihənin xüsusiyyətlərinə uyğunluğu, habelə müsabiqə üzrə nəzərdə tutulmuş şərt və tələblərə edilən hər bir dəyişikliyin zəruriliyi əsaslandırılmalıdır.

Əvvəllər bütün namizəd şirkətlər və müəyyən namizəd şirkətlər arasında növbəti dəfə müsabiqə keçirilməsi zamanı ən azı 3 (üç) namizəd şirkətin iştirak etməsi tələbi qoyulmurdu. Bu üsullarla keçirilmiş müsabiqədə investorun müəyyən edilməsi mümkün olmadığı və ya müsabiqə baş tutmadığı təqdirdə, investor birbaşa cəlbetmə üsulu ilə müəyyənləşdirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR