TN-in şöbə müdiri: "İnternetə çıxışı olmayan şagirdlərlə bağlı hamı çıxış yolu axtarmalıdır"

TN-in şöbə müdiri: "İnternetə çıxışı olmayan şagirdlərlə bağlı hamı çıxış yolu axtarmalıdır"
# 13 noyabr 2020 14:37 (UTC +04:00)

“İnternetin əlçatanlıq və sürəti ölkənin heç də hər bir kəndində, rayonunda eyni deyil. Mövcud vəziyyətlə əlaqədar hətta internetə məhdudiyyətlər də oldu”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Orxan Abbasov bildirib: “10-a yaxın bölgədə hələ də internetə məhdudiyyət var. Yaxın zamanlarda bu məhdudiyyət də aradan qalxacaq. Amma bizdəki statistik məlumatlar Bakı və digər regionlarda böyük fərq olduğunu göstərmir. Hətta elə bölgə və məktəb var ki, virtual dərsə qoşulma faizi Bakıdakından daha çoxdur. İkinci məsələ budur ki, biz təhsilin distant tədrisi deyəndə sadəcə virtual məktəb platformasından istifadəni nəzərdə tutmuruq. Pandemiya ilə əlaqədar bir neçə alət var ki, hamısından istifadə etmişik. Virtual dərsdən əlavə, TV-də yayımlanan teledərslər də var. Bir evdə iki müəllim və 3 şagird varsa, hamısı eyni vaxtda onlayn dərsə qoşula bilmir, bunu bilirik. Bizim tövsiyəmiz budur ki, şagird virtual dərsə qoşulmalıdır, qoşula bilmək heç cür alınmırsa, internet, elektron vasitə olmursa, bu zaman teledərslərə baxmalıdır. Burada tədris aparan müəllimlər kifayət qədər peşəkar müəllimlərdir. Tövsiyəmiz budur ki, virtual dərslərlə yanaşı, teledərslərə də baxılsın. Eyni məsələyə müəllimlərin baxışı fərqli olur. Hər bir baş verən prosesdə müəyyən pozitivlik axtarılmalıdır. Virtual dərsin üstünlüyü budur ki, valideynlər də heç bir müdaxilə olmadan övladlarına keçirilən dərslə tanış ola bilirlər. İnternetə çıxışı olmayan şagirdlərlə bağlı hamı vəziyyəti başa düşməli və çıxış yolu axtarmalıdır. Əksər evlərdə televizor var, ona görə ən pis halda teledərslərə baxılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR