Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 29 yanvar 2020 11:58 (UTC +04:00)

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitablarının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, AMEA-nın Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq rəhbərlik etdiyi qurumla Tarix İnstitutu arasında əməkdaşlığın həyata keçirildiyini bildirib: "Bunun nəticəsində hər il institutun nəşrləri Milli Kitabxanaya təqdim olunur. Bu, çox əlamətdar hadisədir. Hamımız bilirik ki, real Azərbaycan tarixi indi yazılır. Müasir dövrümüzün tarixini əks etdirən bu əsərlərin dünya ictimaiyyətinə və dünya kitabxanalarına çatdırılması da olduqca vacibdir. Biz cənab Prezident İlham Əliyevin sərəncamı əsasında bu öhdəliyi öz üzərimizə götürmüşük. İnanırıq ki, bu kitablar, vaxt gələcək tarixdə böyük rol oynayacaq. Buna görə də hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, biz də onu dünya kitabxanalarına çatdırırıq".

K.Tahirov hazırda Tarix İnstitutunun nəşrlərinin türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunduğunu vurğulayıb: "Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Dövlət başçısı bütün bu uğurlara görə, institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb".

Milli Kitabxana ilə əməkdaşlığı yüksək qiymətləndirən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 2019-cu ildə elmi müəssisədə 43 adda yeni kitabın nəşr olunduğunu diqqətə çatdırıb: "Ötən il rus dilində "Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)”, İrəvan xanlığının tarixinə dair ispan və ərəb dillərində 4 adda broşür, türk, ərəb və fransız dillərində “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Tiflis əmirliyi”, “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, “İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar çap olunub. Müharibə şəraitində olan ölkənin elmi də müharibəyə xidmət etməlidir. Digər elm sahələri nə edir, deyə bilmərəm, amma tarix elmi daim səngərdədir, ermənilərlə müharibə aparır. Biz daim bu məsələni gündəlikdə saxlayırıq, bu gün bura gətirdiyimiz kitablar da bu mübarizəni əks etdirir".

Y. Mahmudov son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsərinin işıq üzü gördüyünü vurğulayıb: "İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib".

Sonra Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, institutun aparıcı elmi işçisiçi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov və başqaları çıxış ediblər.

Sonda Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kataloqdan istifadə ediləcək. Həmçinin Milli Kitabxana Tarix İnstitutunun nəşrlərini dünya kitabxanalarına göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR