“Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya altsistemi yaradılacaq

“Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya altsistemi yaradılacaq
  • Clock-gray 11:50
  • calendar-gray 16 Dekabr 2020

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası prosesinin əsas iştirakçıları Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Keyfiyyət Təminatı Agentliyi, təhsil müəssisəsi, Akkreditasiya Komissiyası və Akkreditasiya Şurası olacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın bundan öncəki redaksiyasına görə, Təhsil müəssisəsinin akkreditasiyası Təhsil Nazirliyi tərəfindən həyata keçirilib, nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası və Akkreditasiya Şurası yaradılıb. Yeni Qaydalara əsasən, nazirliyin bu sahədə səlahiyyətləri Keyfiyyət Təminatı Agentliyinə həvalə olunmaqla bərabər, digər yenilik Apellyasiya Komissiyasının yaradılması ilə bağlıdır. Apellyasiya Komissiyası Agentlik tərəfindən yaradılan və Akkreditasiya Komissiyasının fəaliyyətinə dair şikayətlərə baxan kollegial orqandır.

Növbəti yenilik “Təhsil müəssisələrinin akkreditasiyası” dövlət xidmətinin elektronlaşdırılması ilə bağlıdır. Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya altsistemi yaradılacaq. Agentlik “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya sistemini idarə edəcək, ondan istifadə təlimatını hazırlayıb təsdiqləyəcək. Akkreditasiyaya dair müraciətlər yalnız elektron qaydada ediləcək. Həmin müraciətlər TMİS-də qeydiyyata alınacaq və hər bir təhsil müəssisəsinə sistemdə şəxsi kabinet açılacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər