Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb - FOTO

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb - FOTO
# 18 noyabr 2020 22:06 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycana səfəri çərçivəsində təhsil naziri Emin Əmrullayevlə görüşüb.

APA Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Təhsil Nazirliyi və Beynəlxalq Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Təhsil naziri Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı, bu dövr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, lakin qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib, bu xüsusda Beynəlxalq Türk Akademiyası adından təbriklərini ifadə edib.

O, Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalanıldığını nazirin diqqətinə çatdırıb. Darxan Kıdırali Türk Akademiyasının qazax dilində nəşr etdiyi “Qarabağ - Azərbaycanın incisi: tarixi mədəniyyəti, təbiəti”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100” və digər yeni nəşrlərini nazirə təqdim edib.

Nazir Emin Əmrullayev Akademiyanın yeni nəşrlərinin türk dünyası üçün dəyərli töhfə olduğunu vurğulayıb, həmçinin Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında sazişin imzalanması və Akademiyanın tam fəaliyyətə keçməsi üçün hüquqi proseduraların yekunlaşması münasibətilə D.Kıdırəlini təbrik edib.

Görüş zamanı tərəflər, habelə Türk Akademiyasının gələcək layihələri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR