Təhsil naziri: "Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada olacaq"

Təhsil naziri: "Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada olacaq"
# 01 aprel 2021 15:54 (UTC +04:00)

"Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan etdiyimiz sorğu çərçivəsində 50 000-dən çox rəy qəbul edilib".

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

Nazir qeyd edib ki, rəylərin əksəriyyətinə görə məktəblərin bu və ya digər formada distant tədrisə keçirilməsi qeyd olunur: "Nəticələr diaqramda əks olunub. Sorğuda iştirak edən hər kəsə təşəkkür edirəm. İctimaiyyətin fikrinin qərar qəbulunda nəzərə alınması bizim üçün çox önəmlidir".

E. Əmrullayev bildirib ki, bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80%-dən çoxu bu bölgələrin payına düşür. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur.

Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm.

Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR