
Tikinti resurslarının cari qiymətlərini müəyyənləşdirmək üçün Müşahidə Qrupu yaradılacaq
-
17:23
-
11 Yanvar 2021
Azərbaycan Respublikasının ərazisində resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırılmış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Müşahidə Qrupu yaradılacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərarında əksini tapıb.
Qərara əsasən, Fövqəladə Hallar Nazirliyinə Azərbaycan Respublikasının ərazisində resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırılmış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli mütəxəssisləri daxil olmaqla, Müşahidə Qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Həmçinin, FHN-ə Azərbaycan Respublikasının ərazisində tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələrinə əsasən cari qiymətlərin sistemləşdirilməsini, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) 1 (bir) maşın-saatın dəyərinin təyin edilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsini və 2021-ci il iyulun 1-dək bu Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş cari qiymətlərin informasiya sistemində yerləşdirilməsini, bütün bu məlumatların Müşahidə qrupunun üzvləri tərəfindən müzakirə olunduqdan sonra resursların cari smeta qiymətlərinin təsdiq olunmasını, topluların çap edilməsini və bu sənədlərin özünün rəsmi internet səhifəsində yerləşdirilməsini 2021-ci il avqustun 1-dək təmin etmək də tapşırılıb.
Qərarda nəzərə alınıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumatlar cari qiymətlərin informasiya sisteminə daxil edildikdən sonra müşahidə qrupunun hər bir üzvü tərəfindən 20 (iyirmi) gün müddətində baxılmalı və hər hansı qiymətə dair irad olduğu təqdirdə rəy bildirilməlidir. Qeyd olunan müddət ərzində rəy bildirilmədikdə, cari qiymətlər məqbul hesab olunur .
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla, resursların cari qiymətlərinin və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların operativ şəkildə toplanmasını və müşahidə qrupu tərəfindən izlənilməsini təmin edən cari qiymətlərin informasiya sisteminin 2021-ci il mayın 1-dək hazırlanmasını və ona mütəmadi olaraq texniki dəstək göstərilməsini təmin etməlidir.