Təşkilatlarda işçilərin sayı 50-dən çox olduqda əməyin mühafizəsi xidməti yaradılmalıdır

Təşkilatlarda işçilərin sayı 50-dən çox olduqda əməyin mühafizəsi xidməti yaradılmalıdır
# 14 aprel 2021 18:17 (UTC +04:00)

Radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi üzrə qaydalar təsdiqlənib.

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərarda bildirilir ki, müəssisə və təşkilatlar qanunda, radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid digər normativ hüquqi aktlarda və bu Qaydalarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi; əməyin mühafizəsi üzrə radiasiya təhlükəsizliyinin təmin edilməsi, radiasiya qəzasının baş verməməsi üçün tədbirlərin planlaşdırılıb həyata keçirilməsi; ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması, bununla bağlı əməyin mühafizəsi üzrə daxili qaydalara əlavə və dəyişikliklər edilməsi; radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi; işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu; ionlaşdırıcı şüalanmanın ölçülməsi üçün istifadə edilən ölçü vasitələrinin saz və nizamlanmış vəziyyətdə olmasını təsdiq edən sertifikasiyasının olması; istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin iş yerlərinin attestasiyasının keçirilməsi; işçilərin ilkin (işə qəbul olunarkən) və ildə bir dəfədən az olmayaraq müntəzəm qaydada tibbi müayinələrdən keçirilməsi; işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozalarının uçotunun aparılması və aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi; radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına radiasiya təhlükəsizliyi üçün qəza şəraiti yaradan hallar və texnoloji reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi tələblərini yerinə yetirməlidirlər.

Qərarda qeyd edilib ki, müəssisə və təşkilatlarda işçilərin sayı 50 nəfərdən çox olduqda Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi xidməti yaradılmalıdır. Müəssisə və təşkilatlarda işçilərinin sayı 50 nəfərdən az olduqda və əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi tətbiq edilmədikdə, əməyin mühafizəsi işinin təşkili işəgötürənin əmri ilə əməyin mühafizəsi üzrə səriştəli işçilərdən birinin əmək funksiyasına aid edilir. Bu müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Müəssisə və təşkilatların işəgötürənləri iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və ya texnologiyanın tətbiqi zamanı Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları ilk təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyası 5 ildə bir dəfədən az olmayaraq keçirilməlidir.

İş yerlərinin attestasiyası aparılarkən şüalanmanın ölçülməsi əmək funksiyalarının yerinə yetirildiyi iş yerində, işçinin şüalanmaya məruz qaldığı məsafədə aparılmalıdır.

Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində çalışan işçiyə ərizəsi əsasında müvafiq əmək şəraitinə görə əlavə məzuniyyətin verilməsindən imtina edilməsi qadağandır.

Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nda müəyyən edilmiş radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri olan iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında rasionlar üzrə müalicə-profilaktik yeməklər və ya pulsuz süd və ona bərabər tutulan məhsullar verilir. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR