UNEC-də Ermənistan işğalının Azərbaycana vurduğu zərərin metodologiyası və ilkin qiymətləndirməsı ilə bağlı müzakirə aparılıb

UNEC-də Ermənistan işğalının Azərbaycana vurduğu zərərin metodologiyası və ilkin qiymətləndirməsı ilə bağlı müzakirə aparılıb
  • Clock-gray 16:48
  • calendar-gray 16 Noyabr 2020

UNEC-də “Qarabağ müzakirələri”nə start verilib.

UNEC-dən APA-ya verilən məlumata görə, “Facebook” üzərindən canlı yayımlanan ilk müzakirə “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusunda olub.

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov iştirak ediblər.

Rektor erməni işğalçılarının sentyabrın 27-də hərbi təxribata başladığını və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan ordusunun şanlı qələbəsi ilə yekunlaşdığını diqqətə çatdırıb. 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın demək olar ki, hamısının azad edildiyini bildirən rektor, hazırda qarşıda duran ən önəmli məsələlərdən birinin də işğal nəticəsində ölkəmizə dəymiş zərərin qiymətləndirilməsi olduğunu deyib. Bildirilib ki, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı, eləcə də münaqişə dövründə Azərbaycana dəymiş maddi, iqtisadi zərərlərlə yanaşı, ekoloji və sosial sahələrə, eləcə də insan həyatı və sağlamlığına vurulan zərərlər araşdırılmalı və qiymətləndirilməlidir. Rektor işğal nəticəsində zərərlərlə bağlı mənfi təsir hesablanan zaman qaçırılmış imkanlar, sosial psixoloji itkilərin nəzərə alınmasının vacibliyini də vurğulayıb.

Sonra dosent Fərhad Mikayılov işğal nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsaslarını və riyazi modellərini açıqlayıb. O, araşdırma zamanı işğal nəticəsində dəymiş zərərin maddi, mənəvi, psixoloji istiqamətlərdə aparıldığını və qiymətləndirmədə beynəlxalq təcrübənin nəzərə alındığını diqqətə çatdırıb.

Atatürk Universitetinin professoru Kərəm Karabulut Qarabağla bağlı ilkin araşdırmalarını açıqlayıb, ortaya çıxa biləcək zərərlər və diqqət olunacaq məqamlar barədə məlumat verib. Onun hesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon 150 milyard dollar miqdarındadıə. K.Karabulut təzminatın ödənilməsinin beynəlxalq təcrübəyə əsasən aparıla biləcəyini vurğulayıb. Qarabağın yeraltı və yerüstü sərvətlərinin zənginliyinə diqqət çəkən professor, bu ərazinin ölkə iqtisadiyyatında önəmli payının olduğunu bildirib.

Millət vəkili Mahir Abbaszadə mövzunun aktuallığını vurğulayaraq, zərərin qiymətləndirilməsində beynəlxalq təcrübədəki yanaşmalara diqqət çəkib. O, Ermənistanın törədiyi iqtisadi, ekoloji, sosial cinayətlərin yalnız Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədildiyini deyib.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov isə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən sosial-iqtisadi zərərlər barədə təqdimatla çıxış edib. O, 600-dən çox sənaye və kənd təsərrüfatı, 700-dən çox səhiyyə müəssisəsinin, 700-ə yaxın məktəbin, eləcə də milli mədəni irs nümunələri, məscidlərimiz dağıdıldığını və meşə ərazilərinin məhv edildiyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

 

apa-logo-mini

Digər xəbərlər