UNEC-lə PAŞA Bank əməkdaşlıq memorandumu imzalayıb

UNEC-lə PAŞA Bank əməkdaşlıq memorandumu imzalayıb
  • Clock-gray 16:57
  • calendar-gray 29 Yanvar 2020

UNEC-də ölkənin ən aparıcı banklarından olan Paşa Bankla əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

 UNEC-dən APA-ya verilən məlumata görə, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Paşa Bankın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, bankın aparıcı mütəxəssisləri və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor Ədalət Muradov UNEC-in Paşa Bankla əməkdaşlıq edəcəyindən məmnunluğunu bildirərək, universitetdə real iqtisadiyyatın çağırışlarına cavab verən mühitin yaradılmasına ehtiyac duyulduğunu deyib. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyindən danışan rektor, bu istiqamətdə real sektorla əməkdaşlıq etməyin və birgə tədris proqramlarının həyata keçirilməsinin faydalı olacağını vurğulayıb.

Rektor rəqəmsal iqtisadiyyatın ali təhsil müəssisələri qarşısında qoyduğu tələblərdən də danışıb. Bildirib ki, rəqəmsallaşma yüksəkixtisaslı mütəxəssis hazırlamağı və məzunların iqtisadiyyatın və işəgötürənlərin tələblərinə cavab verməsini şərtləndirir. 

İdarə Heyətinin sədri Taleh Kazımov ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışıb. Hər bir cəmiyyətin əsas sərmayəsinin insan kapitalı olduğunu deyən T.Kazımov Paşa Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib.  Bank rəhbəri bu istiqamətdə UNEC-lə əməkdaşlığın böyük fürsət olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Çıxışlardan sonra rektor Ədalət Muradov və Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov əməkdaşlıq memorandumunu imzalayıblar. Sənədə əsasən, UNEC və Paşa Bank arasında təhsil, elm proqramlarının həyata keçirilməsi, biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarına innovasiya nailiyyətlərinin tətbiqi, innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafların istifadəsi, birgə seminar, treninq, konfransların təşkili, tələbələrin bankda təcrübə keçməsi nəzərdə tutulub.

 Tədbirdən sonra rektor Ədalət Muradov Paşa Bankın nümayəndələrini UNEC Externlə tanış edib. Rektor distant təhsil verən mərkəzin üstünlükləri, imkanları barədə qonaqlara geniş məlumat verib. Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və bankın əməkdaşları UNEC-in 24/7 kitabxanasında da olub, buradakı yeniliklərlə maraqlanıblar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date