ÜST 9 azərbaycanlı həkimə sertifikat verib

ÜST 9 azərbaycanlı həkimə sertifikat verib
# 03 fevral 2021 14:50 (UTC +04:00)

Azərbaycanlı həkimlər ÜST-ün “Səhiyyə sistemində ölkələrarası dərmanlara, COVID-19 və digər peyvəndlərə effektiv nəzarət və monitorinqin gücləndirilməsi” mövzusunda sertifikatlaşdırma proqramında iştirak edib

ÜST-ün Azərbaycanda nümayəndəliyindən APA-ya bildirilib ki, 7-11 dekabr 2020-ci il tarixdə 9 azərbaycanlı həkim onlayn formada baş tutmuş təlimi başa vuraraq imtahanlardan uğurla keçib və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını əldə edib.

Qeyd olunub ki, hazırda COVID-19-a qarşı peyvəndin hazırlanması və tətbiqi virusla mübarizədə çox vacib vəzifəyə çevrilib: "Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda, peyvəndlərin vurulmasına başlanılıb. Peyvəndləmə zamanı təhlükəsizlik və mümkün yan təsirlərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması çox önəmlidir. Bununla əlaqədar olaraq, yan təsirlərin müəyyənləşdirilməsi və qeydiyyatı üzərində nəzarəti gücləndirmək üçün ÜST farmakonəzarətlə bağlı ölkələrarası təlim təşkil edib və təlimdən sonrakı imtahanda Azərbaycan təmsilçiləri iştirakçı ölkələr arasında ən yüksək nəticə əldə edib".

"Peyvənd və ya dərmanların klinik sınaqlarda təhlükəsiz olduğu sübut edildikdən sonra onların real həyat şəraitində də təhlükəsiz və təsirli olmağa davam etdiyini izləmək çox vacibdir", deyə təlimi uğurla başa vuran həkimlərə sertifikatlarını təqdim edən ÜST-ün Azərbaycandakı Nümayəndəsi Hande Harmancı bildirib. Farmakonəzarətin məhz bunu həyata keçirdiyini söyləyən ÜST-ün nümayəndəsi əlavə edib ki, buna görə də farmakonəzarət sahəsində çalışan tibb işçilərinin biliklərinin mütəmadi olaraq yenilənməsi çox önəmlidir.

Tədbirdə, həmçinin, ÜST-nin Avropa Regional Ofisinin təmsilçisi Dr Oleksandr Polişçuk və Azərbaycandakı Nümayəndəliyinin eksperti Dr Cəvahir Süleymanova çıxış edib. Sertifikat alan həkimlər də öz növbəsində təlim proqramı və əldə etdikləri yeni biliklər barədə fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR