ÜST Azərbaycanda köməkçi texnologiyalar sektorunun gücləndirilməsinə dəstək göstərəcək

ÜST Azərbaycanda köməkçi texnologiyalar sektorunun gücləndirilməsinə dəstək göstərəcək
# 06 aprel 2021 11:16 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda köməkçi texnologiyalar (KT) sektorunun (təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) gücləndirilməsi ilə bağlı maraqlı tərəflərin rəhbər işçiləri üçün onlayn toplantı keçirilib.

ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, görüşdə nazirliklərin, dövlət komitələrinin rəhbər işçiləri, parlament komitələrinin sədrləri, universitet və akademiyaların rektor-professor heyəti, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri olmaqla ümumilikdə 45 qurum təmsil olunub.

Bildirilib ki, ÜST və nazirlik Azərbaycanda KT sektorunun gücləndirilməsi üzərində birgə çalışmağa başlayır. ÜST-ün hesablamalarına əsasən, bu gün dünyada 1 milyard insanın məhsuldar, inklüziv və ləyaqətli həyat yaşaması üçün KT-yə ehtiyacı var, ancaq qlobal olaraq hər 10 nəfərdən yalnız 1-nin ehtiyac duyduğu KT-dən istifadə etmək imkanı var. KT-yə əlçatanlıq bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanlar yaşlılar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.

İlk mərhələdə ÜST-ün r-ATA (“Rapid-Assistive Technologies Assessment”, “Sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi”) metodologiyasından istifadə edərək yerli KT ehtiyaclarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu qiymətləndirmənin nəticələri Azərbaycanda KT sahəsində ödənilməyən ehtiyaclar və bu yolda olan əngəlləri müəyyənləşdirməyə kömək edəcək. Araşdırmanın əsas elementlərindən biri ÜST-nin “Qlobal KT İstifadə Proqramı” (GATE Təşəbbüsü) çərçivəsində ölkə üçün prioritet köməkçi vasitələrin siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək vermək, nazirliyin gələcək siyasətinin sübuta yetirilmiş ehtiyaclar və prioritetlər üzərində qurulmasına dəstək göstərməkdir. Araşdırmanın nəticələri üzərində qurulan siyasət ilə uzunmüddətli perspektivdə ölkənin ÜST-ün Universal Tibbi Təminat proqramının hədəflərinə çatmasına və BMT-nin Əlilliyi olan Şəxslər üçün Hüquqlar Konvensiyasının öhdəliklərini yerinə yetirməsinə nail olmağa yardım göstərəcək.

Çıxışlarda 2020-ci ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən müharibədən sonra bir çox yaralı insanda əlilliyin inkişaf etməsinin Azərbaycanda KT ehtiyaclarının daha da artmasına gətirib çıxardığı xüsusilə vurğulanıb və məsələnin ölkə üçün çox aktual olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR