ÜTİS kodu alaraq yerdəyişmə üçün sorğu verən şagirdlərin illik qiymətləndirilməsi qaydaları müəyyənləşib

ÜTİS kodu alaraq yerdəyişmə üçün sorğu verən şagirdlərin illik qiymətləndirilməsi qaydaları müəyyənləşib
# 28 may 2020 11:40 (UTC +04:00)

Şərti Ümumi Təhsil İnformasiya Sistemi (ÜTİS) kodu alaraq (şərti məktəbdən) yerdəyişmə üçün sorğu verən şagirdlərin illik qiymətləndirilməsi qaydaları açıqlanıb.

APA-nın məlumatına görə, qaydalarda bildirilir ki, Naxçıvan Muxtar Respublikasından gələn şagirdin şəxsi işi məktəb tərəfindən götürülməli, yerdəyişmə ilə bağlı sorğusunun tamamlanması üçün təhsil şöbələri (idarəsi) tərəfindən Təhsil Nazirliyinə məktub göndərilməli və müəyyən olunacaq qaydalara uyğun olaraq illik qiymətləndirilməsinin çıxarılması təmin edilməlidir.

Xaricdən gələn uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarının 4.4-cü bəndinin tələblərinə uyğun olduğu halda yerdəyişmə ilə bağlı sorğusunun tamamlanması üçün təhsil şöbələri (idarəsi) tərəfindən Təhsil Nazirliyinə məktub göndərilməli və müəyyən olunacaq qaydalara uyğun olaraq illik qiymətləndirilməsinin çıxarılması təmin edilməlidir.

Digər qurumlara tabe ixtisaslaşmış məktəblərdən (C. Naxçıvanski adına hərbi lisey, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi) gələn şagirdlərin proqram təminatında yerdəyişmə ilə bağlı sorğuların hansı mərhələdə olduğu nəzərə alınmadan şəxsi işləri və gəldiyi məktəbdən azad olmasına dair əmr götürülərək baxılmalı, uyğun olduğu halda sorğularının tamamlanması üçün təhsil şöbələri (idarəsi) tərəfindən Təhsil Nazirliyinə məktub göndərilməsi təmin edilməlidir.

Proqram təminatında özəl məktəblərdən yerdəyişmə üçün müraciət edən şagirdlərin sorğularının tamamlanması üçün təhsil şöbələri (idarəsi) tərəfindən Təhsil Nazirliyinə məktub göndərilməsi təmin edilməlidir.

Xaricdən və ya Naxçıvan MR-dan gələn, yerdəyişmə üçün sorğu verməyən şagirdlərin yerdəyişməsinə Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılaraq qərar verilə bilər.

Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar avtomatik olaraq birinci sinfə qaldırıldığından həmin uşaqlardan yerdəyişmə üçün müraciət edənlərin bütün mərhələdə olan sorğularına imtina verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR