Ukraynaya ixrac olunan xurma məhsullarının qablaşdırılmasında nöqsanlar aşkarlanıb

Ukraynaya ixrac olunan xurma məhsullarının qablaşdırılmasında nöqsanlar aşkarlanıb
# 04 fevral 2021 14:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Bərdə rayonunda fəaliyyət göstərən fiziki şəxs Cəfərov İlqar Südgül oğlu və fiziki şəxs Əliyev Məzahir Huduş oğlu tərəfindən ölkəmizdən Ukrayna Respublikasına ixrac olunan xurma məhsullarına baxış keçirilib.

Baxış zamanı məhsulların qablaşdırıldığı taxta yeşiklərin “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi qaydaları”na uyğun hazırlanmadığı və markalanmadığı aşkar olunub. Belə ki, xurma məhsulunun ixracı zamanı istifadə edilən qablaşdırma yeşiklərinin hazırlanmasında istifadə edilən ağac materialının qalınlığının müxtəlif hissələrdə 7-14 mm arası olduğu müəyyən edilib. “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi qaydaları”na uyğun olaraq yükdaşımada istifadə edilən və qalınlığı 6 mm-dən çox olan bütün ağac materialları (qablaşdırma qutuları, baraban, bərkidici ağac və s.) ümumi qəbul olunmuş üsullarla işlənməli və markalanmalıdır. Qanunvericiliyə əsasən bu tələblərə cavab verməyən məhsullar ixrac üçün sertifikatlaşdırılmayacaq.

AQTA bununla bağlı olaraq, qida sahəsində idxal-ixrac əməliyyatları zamanı sahibkarları diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə, idxalçı ölkənin tələbləri və beynəlxalq standartları nəzərə almağa çağırır.

Agentlik bəyan edib ki, bu sahədə normativ texniki aktların tələblərinə cavab verməyən, qablaşdırılmada istifadə edilən taxta paletlərində etiketlənmə və markalanma qaydalarına dair beynəlxalq tələblərə uyğun olmayan qida məhsullarının qida təhlükəsizliyi seritifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR