Uşaqları övladlığa götürməklə bağlı bəzi prosedurlar asanlaşır

Uşaqları övladlığa götürməklə bağlı bəzi prosedurlar asanlaşır
# 09 fevral 2021 16:18 (UTC +04:00)

Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitənin sədri Hicran Hüseynova bildirib ki, iclasın gündəliyinə 2 məsələ daxildir.

Bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Təklif edilən dəyişikliklər övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsi barədə məlumat verərək bildirib ki, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklik (birinci oxunuş) uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Hər iki qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası başa çatıb.

İclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova və Rauf Əliyev də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR