"Virtual məktəb" vasitəsilə indiyədək 1,5 milyon dəfə dərs keçilib

"Virtual məktəb" vasitəsilə indiyədək 1,5 milyon dəfə dərs keçilib
  • Clock-gray 13:15
  • calendar-gray 01 İyun 2020

Təhsil Nazirliyi tərəfindən start verilən “Virtual məktəb”in 1 000 000-cu istifadəçisi qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu istifadəçi Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Hikmət Quluzadədir.

Bu günə “Virtual məktəb” layihəsi ölkə üzrə 935 min şagird və 89 min müəllimi əhatə edir. Portal vasitəsilə bu günə kimi 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib.

Qeyd edək ki, aprelin 2-dən istifadəyə verilən “Virtual məktəb” portalının məqsədi Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə ərazisinə yayımlanan teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanları təqdim etməkdir. Hər gün imkanları genişləndirilən portalda video və audio dərslər keçirilir, teledərslərin izlənilir, Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir, yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, valideynlərlə iclaslar keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir. Hər həftəsonu portalda canlı görüşlər təşkil olunur ki, bu görüşlərdə müəllimlər tərəfindən keçirilən uğurlu dərs nümunələri təqdim edilir və portalın tədris imkanları müzakirə edilir. Həmçinin mütəmadi olaraq məktəb direktorları və müavinləri ilə görüşlər təşkil olunur, layihənin tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları müzakirə edilir.

Portaldan səmərəli istifadəni təmin etmək məqsədilə bu günədək 16 minə yaxın müəllim üçün Təhsil Nazirliyi tərəfindən onlayn təlimlər keçirilib. Hazırda şagirdlər üçün robot texnologiyaları, proqramlaşdırma və mühəndislik mövzuları üzrə onlayn kurslara start verilib. Artıq yeddinci həftədir ki, şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq məqsədi ilə “Virtual əlaçı” bilik yarışması keçirilir və portalda təqdim edilmiş test tapşırıqlarına ən tez və düzgün cavab vermiş ilk 10 şagird həftənin qalibləri elan olunur.

apa-logo-mini

Digər xəbərlər