Vətən müharibəsində iştirak edən hərbçilərə yardım göstərəcək psixoloqlar xüsusi təlimlərə cəlb olunacaq

Vətən müharibəsində iştirak edən hərbçilərə yardım göstərəcək psixoloqlar xüsusi təlimlərə cəlb olunacaq
# 04 fevral 2021 12:14 (UTC +04:00)

"Təqribən 1il öncə ”Psixiatriya yardımı haqqında” Qanun, həmçinin onun tətbiqini reqlament edən bir sıra dövlət əhəmiyyətli sənədlər qəbul edilib. Qanunda və bu sənədlərdə hərbilər və onların ailə üzvləri də daxil olmaqla müəyyən qrup əhalinin psixoloji yardım ilə təmin edilməsinin vacibliyi ayrıca vurğulanıb. Bu yardımın həyata keçirilməsi məqsədilə xüsusi komissiya yaradılıb və yanvarın 25-də Səhiyyə Nazirliyində onun ilk iclası keçirilib”.

APA-nın məlumatına göərə, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib. O bildirib ki, iclasda psixoloji yardım mərkəzlərinin yaradılması məsələləri müzakirə olunub, tədbirlər planı hazırlanıb və müxtəlif strukturların fəaliyyətinin koordinasiyası mexanizmi tərtib edilib: “Psixoloji mərkəzlərin yerləşmə nöqtələri müəyyən edilib, işə qəbul olunmalı psixoloqların sayı aydınlaşdırılıb. İşə qəbul haqqında elan Səhiyyə Nazirliyinin saytında artıq dərc edilib. Həmçinin elektron məlumatlar bazası və elektron sənədləşmə üzrə texniki tapşırıqlar verilib. Nəhayət, koordinasiya qrupunda fəaliyyət üçün müxtəlif strukturların nümayəndələri təyin edilib”.

O bildirib ki, psixoloji yardıma müraciət zamanı daha çox rast gəlinən pozuntu posttravmatik stress pozuntusudur: “Belə pasiyentlər travmanın obrazlar, sarışan fikir və yuxular şəklində təkrar yaşanmasından şikayət edirlər. Bundan əlavə, onlarda travmanı xatırladan məkan və insanlardan yayınma, həmçinin yüksək həddə təşviş və qıcıqlanma müşahidə olunur. Təəssüf ki, hərbçilərdə tez-tez kompleks travma, yəni posttravmatik stress pozuntusundan əlavə baş beynin üzvi travması simptomları da qeyd olunur . Belə hallarda mövcud şikayətlərə baş ağrıları, səsə qarşı həssaslıq, nitqin, yaddaş və diqqətin pozulması da əlavə edilir”.

Həkimin sözlərinə görə, psixoloji yardım mərkəzlərinə işə qəbul olunan psixoloqlar gərəkli biliklərə sahib olacaq, lakin pasiyentlərin spesifikliyini nəzərə alaraq onlar üçün xüsusi təlimlər keçiriləcək: “Təlimlər proqramına psixoloji yardım göstərilməsi haqqında yeni qəbul olunmuş dövlət sənədlərilə tanışlıq, posttravmatik stress pozuntusu zamanı xüsusi müayinə və diaqnostika üsulları, psixoloji yardımın fərdi və qrup şəklində göstərilməsi, həmçinin tibbi sənədlərin yazılması qaydaları, hesabatlar və digər tibbi və sosial xidmətlərlə koordinasiya ilə tanışlıq daxildir".

O vurğulayıb ki, Vətən müharibəsində qələbəmiz xəstəliyin müalicəsi və proqnozuna müsbət təsir göstərir: “Bu gün kontuziyadan sonra nitqinin pozulmasından əziyyət çəkən bir hərbçi Mərkəzimizə müayinə üçün müraciət etmişdi. O danışa bilmirdi, lakin qürurla telefonundakı hərbi fotolarını göstərirdi. Bu, hədsiz təsirli anlar idi. Biz fotolara baxdıqca düşünürdük ki, şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR