Xətai RİH sökülən binanın sakinlərinin etirazına münasibət bildirib

Xətai RİH sökülən binanın sakinlərinin etirazına münasibət bildirib
  • Clock-gray 17:39
  • calendar-gray 09 Fevral 2021

“Xətai rayonunda Şıxslinki 42 ünvanında kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsü ilə əlaqədar həmin binanın sakinlərinin bir qismi narazılıq edib”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, bu problem 2017-ci ildən başlanıb: "Həmin ildən bina sakinləri dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə binanın qəzalı olması barədə məlumat verirdilər, çox narahatlıq keçirirdilər. Həm sakinlər, həm də bizim tərəfimizdən əlaqədar təşkilatlara müraciətlərdən sonra Fövqəladə Hallar Nazirliyi yerində binaya baxış keçirib və qəzalı olması barədə qərar verib".

P. İmanov bildirib ki, sonuncu rəydə isə binanın kəskin qəzalı olması barədə qərar verilib, tez bir zamanda sakinlərin köçürülməsi, binanın sökülməsi məsələsi ortaya qoyulub: "2018-ci ildə binanın qəzalı olması barədə qərar veriləndən sonra orada siyahıyaalma aparılıb və 146 mənzilin siyahısı çıxarılıb. Hər kvadrat metrə qədər olan mənzilə 30 min manat, eyni zamanda 500 manat köçürülmə xərci təklif olunub. 30 kvadrat metrdən artıq olan evlərin isə hər kvadrat metrinə 1000 manat təklif olunub.

İnsanların əsas narazılığı bu idi ki, həmin məbləğə ev almaq onlar üçün çox çətin olacaq. Onsuz da bina kəskin qəzalı olduğu üçün söküləcəkdi. Ona görə də İcra Hakimiyyəti podratçı şirkətlə danışıqlar apardı ki, o yerdə yeni bina tikilsin və həmin vətəndaşlara təqdim olunsun. O bina Bakı Kondisioner Zavodunun yataqxanasıdır. Orada əsasən otaqlar 12 kvadrat metrdir, elələri də var ki, birləşdirib və 24 kavdart metr olub. Belə qərara gəlinib ki, bina tikiləndən sonra 30 kvadrat metrə qədər olan evə 54,5 kv.m-lik, ikiotaqlı, tam təmirli mənzillər verilsin. Eləcə də tikintinin aparıldığı müddətdə sakinlərə 300 manat məbləğində kirayə haqqı ödəniləcək".

P.İmanov qeyd edib ki, təxminən 120 sakinlə bu məsələ tam həll olunub: "Bina kəskin qəzalı vəziyyətdə olduğu üçün kommunikasiya xətləri dayandırılıb, binaya giriş məhdudlaşdırılıb. Orada 26 ailə qalıb ki, onlardan da 20 ailə narazılıq edib. Həmin şəxslərin narazılığının səbəbi budur ki, onlar hər bir otaq üçün 54,5 kv.m-lik təmirli mənzil istəyirlər. Amma 2018-ci ildə orada siyahıyaalma aparılandan sonra artıq maliyyə köçürülüb. Daha sonra vətəndaşlar müxtəlif yollarla qızına, oğluna, qohumuna bağışlanma yolu ilə çıxarışlar çıxarıblar. Yəni mənzili iki yerə bölüblər, onun əsasında çıxarış çıxarıblar. İndi də tələb edirlər ki, son dövrdə aldıqları çıxarışlar əsasında hər çıxarışı olana 54,5 kv.m-lik ev verilsin. Hesab edirəm ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq. Bu binanın söküntüsü və tikintisinə başlanması təxminən oktyabr ayından başlanmalı idi, 2022-ci fevralında isə tam başa çatmalıdır. Ona görə 120 ailə haqlı olaraq tələb edir ki, tez bir zamanda bu məsələ bitsin ki, mənzillərinə köçə bilsinlər".

Pənah İmanov əlavə edib ki, sakinlərlə üçtərəfli müqavilə imzalanıb, şirkət, Xətai Rayon İcra Hakimiyyəti və vətəndaşlar arasında: "Kimlərə ki, 30 min manat ödənilib, onlar pulu podratçı şirkətin hesabına köçürürlər. Bunun nəticəsində də onlara 54,5 kv.m ev veriləcək. Əlavə ödəniş yoxdur. Kimsə 54,5 kv.m-dən böyük ev istəyirsə, əlavə ödəniş edib ala bilər. Dediyim kimi, sakinlərin böyük əksəriyyəti ilə müqavilə bağlanıb, razılığa gəlinib. Artıq binanın söküntüsünə başlanılıb. Fövqəladə Hallar Nazirliyi bu binanın kəskin qəzalı vəziyyətdə olması barədə rəy veribsə, demək hər an qəza ola bilər, uça bilər. Ona görə də təcili şəkildə mənzillər boşaldılmalıdır. Orada çox az sayda mənzildə sakinlər qalıb, yəqin ki, bu məsələ yaxın zamanda həllini tapacaq".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, vətəndaşlarla danışıqlar aparılır: "Çalışacağıq ki, bu məsələni yüksək səviyyədə həll edək. Əgər vətəndaşlar verilən qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilərlər. Nə qərar çıxarılsa, o da ediləcək".

Günay Elşadqızı

Digər xəbərlər