Xüsusi ehtiyacı olan gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqədə iştirak üçün maksimum yaş həddi açıqlanıb

Xüsusi ehtiyacı olan gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqədə iştirak üçün maksimum yaş həddi açıqlanıb
  • Clock-gray 15:34
  • calendar-gray 06 Noyabr 2020

Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib. 

APA-nın məlumatına görə, müsabiqə ilə bağlı keçirilən brifinqdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, bu günədək Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, eyni zamanda yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib: "Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Müsabiqə dövlət ali təhsil və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərə şamil ediləcək, müsabiqədə iştirak üçün maksimum yaş həddi 29-dur". 

F. Cəfərov qeyd edib ki, artıq üçüncü dəfə keçiriləcək müsabiqə əsasında Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə 664 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb: "Müsabiqə zamanı tələbənin təhsil göstəriciləri, həmçinin ictimai fəallığı əsas götürülərək bir sıra kateqoriyaya olan şəxslərə üstünlük veriləcək. Bu kateqoriyaya Milli qəhrəmanların övladları; fiziki məhdudiyyətli; valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan; valideynlərindən biri əlil olan (I,II qrup) və aztəminatlı ailədən olan gənclər daxildir. Müraciətlərin qiymətləndirilməsi zamanı ali təhsil müəssisələri və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaq". 

İcraçı direktor əlavə edib ki, maliyyələşmə 2019-2020 və ya 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin qarşılanmasını nəzərdə tutur: "Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı və GəncAPP mobil tətbiqinə müraciət edilməlidir. Bir xahişim var ki, gənclər müraciət edən zaman VPN-dən istifadə etməsinlər, texniki problem ola bilər". 

F. Cəfərov deyib ki, müraciətlər 30 noyabr 2020-cu il saat 18:00-dək qəbul ediləcək: "Xahiş edirik ki, vaxtında müraciət etsinlər, son günə saxlamasınlar. Bu tarixdən sonra növbəti 2-3 həftə ərzində Gənclər və İdman, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, ali təhsil müəssisələri qiymətləndirmə aparacaq. Qiymətləndirmə zamanı sənədlərin düzgünlüyü ƏƏSMN tərəfindən təsdiqlənəcək. Eyni zamanda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən də hər bir tələbə haqqında rəylər alınacaq. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində paylaşılacaq".

Günay Elşadqızı

Digər xəbərlər