YAP Gənclər Birliyi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib

YAP Gənclər Birliyi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib
# 25 fevral 2021 16:02 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında anım tədbiri keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin xatirəsi yad edilib, bununla əlaqədar gənclər öz profil şəkillərinə Xocalı faciəsinin loqotipi olan gül şəkli yerləşdiriblər.

Tədbiri açan Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr əvəzi Ramin Məmmədov bildirib ki, Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur: “Dövlətimiz tərəfindən bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər”.

YAP İcra Katibliyinin Təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib ki, Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyil: “44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır”.

Tədbirdə həmçinin, Milli Məclisin deputatı Elman Məmmədov Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı sakini Həsən Ələkbərov, YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Heydərov, YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə və YAP Laçın rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Məmişzadə çıxış edərək ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR