Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər

Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər
  • Clock-gray 12:21
  • calendar-gray 23 Fevral 2021

Aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirənlərə qarşı on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtoxuliqanlıq halları və buna görə tətbiq edilən cəzalar konkretləşdirilir.

Qanuna görə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd edək ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Firuzə Vahid

Digər xəbərlər