“Yüksəliş” müsabiqəsi Məleykə Abbaszadənin təqdimatında vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi Məleykə Abbaszadənin təqdimatında vebinar təşkil edib
# 09 mart 2021 18:21 (UTC +04:00)

Bu gün “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.

APA xəbər verir ki, vebinarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Uğurlu karyera və xoşbəxt insan tənliyinin gender aspektləri” mövzusunda təqdimatla çıxış edib. Vebinarın moderatoru Yüksəliş İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.

"Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərləri sırasında yer alan DİM Direktorlar Şurasının sədri yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb. Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin müsabiqənin imtahanlarının təşkili prosesində tərəfdaş qurumlardan biri olmasından, ölkəmizdə peşəkar idarəçi kadrların seçilməsində yaxından iştirak etməsindən məmnunluğunu ifadə edib.

DİM Direktorlar Şurasının sədri təhsil, karyera imkanlarına görə ölkəmizdə gender bərabərliyinin mövcud olması, qanunlarımızda da bu məsələ ilə bağlı məhdudiyyətlərin olmadığını bildirib. Bəzən reallıqda bu qaydalara riayət edilmədiyini, qadınlarımızın karyera pillərində çətinliklərlə, qeyri-sağlam rəqabətlə üzləşdiklərini, bu tendensiyanın nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada hökm sürdüyünü vurğulayıb.

Məleykə Abbaszadə, həmçinin bildirib ki, 20 ildən çox müddətdə təhsil sahəsindəki araşdırmalarına əsasən, ümumilikdə ölkə üzrə qadınların təhsil göstəricilərində, uğurlarında kişilərlə bərabərlik mövcuddur. Bölgələr üzrə isə baxsaq, bu nəticələrdə müəyyən fərqlər var. Sədr qeyd edib ki, müsabiqənin əyani mərhələsində yüksək nəticə əldə edən ilk yüzlüyün içərisində qadın iştirakçılarımızın nəticələrini qənaətbəxş hesab etmək olar.

M.Abbaszadə iştirakçılara tövsiyələrində bildirib ki, karyera seçimlərində, iş prinsiplərində qərarlı olsunlar, özlərinə, biliklərinə güvənsinlər, bacarıqları üzərində daim çalışsınlar. Öz işini dərindən bilmək, öyrənmək çox vacibdir, bunlar insanı həm də xoşbəxt edən amillərdəndir.

Vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib. İştirakçılarla qarşılıqlı müzakirə formatında aparılan vebinarda, həmçinin onların sualları cavablandırılıb.

Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir.

Hazırda “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR