Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru seçilib

Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru seçilib
# 15 noyabr 2019 12:04 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunub.

APA-nın məlumatına görə, Abdullah Mətuq Əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir dövrdə İslam dünyasının ağır problemlər içində olduğunu bildirib: "Bizim dünyamızda soyqırımları gedir, İslam dünyasının çoxsaylı qaçqınları var, bizə qarşı böyük ədalətsizliklərə yol verilir. Belə bir dövrdə İslam dünyasının sözü keçən, ciddi xadimlərə ehtiyacı var. Bu gün burda isə İslam dünyasının çox böyük şəxsiyyəti Abdullah Mətuq əl-Mətuq dayanıb. Abdullah Mətuq əl-Mətuq çox böyük həyat yolu keçib, öz bacarığını birləşdirərək İslam dünyasının bütün ölkələrinə kömək etməyə çalışır, İslam dünyasının problemləri ilə yaşayır. Abdullah Mətuq əl-Mətuq Azərbaycanın böyük dostudur. Mən bu yaxınlarda öz həmkarlarımla Kveyt səfərindəykən buna əyani surətdə əmin oldum".

Yaqub Mahmudov Azərbaycan həqiqətlərindən danışaraq deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır: “Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır. Demək olar bütün ərəb ölkələrində erməni lobbisi bizim əleyhimizə iş aparır. Biz gərək öz həqiqətlərimizi ərəb ölkələrinə çatdıraq. Bu sahədə Abdullah Mətuq əl-Mətuqun da köməyinə inanıram. Çünki o Azərbaycanın dostudur”.

Abdullah Mətuq Əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru seçilməsi münasibətilə təşəkkürünü bildirib. O, qeyd edib ki, bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edir: “Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüşəm. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Şeyxülislam Allahşükür Paşazadə ilə dostluq əlaqələrim var. Biz hələ 26 il əvvəl Bakıda tanış olmuşuq. Təəssüf ki, bu gün müsəlmanlar ixtilaf içindədirlər. Biz ilk dəfə İslam dünyasının birləşməsi üçün konfranslar keçirəndə Azərbaycandan başlamışdıq. Çünki Azərbaycanla Küveyt arasında böyük oxşarlıq var. Burda da bizdə olduğu kimi bir sıra məzhəblər var, hər ikisi neft ölkəsidir. Bundan başqa Azərbaycanda başqa xalqlara qarşı tolerantlıq hökm sürür. Bu xüsusiyyətinə görə turistlərin də Azərbaycana diqqəti böyükdür”.

Abdullah Mətuq əl-Mətuq hələ 90-cı illərdə Azərbaycanda olarkən Qarabağ həqiqətləri ilə tanış olduğunu vurğulayıb: "Mən hesab edirəm ki, zülmə məruz qalmış xalqlara kömək etmək vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR