AMEA-da direktor seçkiləri başa çatıb

AMEA-da direktor seçkiləri başa çatıb
# 16 sentyabr 2019 17:14 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölmə üzvlərinə ümumi yığıncaq barədə ətraflı məlumat verib.

Bugünkü iclasda bölmənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna namizədlərin öz qabaqcıl elmi tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə fərqlənən alimlər olduqlarını bildirib. Alimlərin öz institutlarının elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürüldüyünü deyən akademik səsvermənin nəticələrinin Humanitar Elmlər Bölməsinə daxil olduğunu xatırladıb.

Bölməyə təqdim olunan sənədlərə baxılması məqsədilə texniki ekspertiza komissiyasının yaradıldığını deyən akademik iclasda gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.

Səsvermədə 20 bölmə üzvündən 14-ü iştirak edib.

Bu gün həmçinin AMEA İctimai Elmlər Bölməsinin də ümumi yığıncağı keçirilib. Ümumi yığıncağında akademik Gövhər Baxşəliyeva Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə Fəlsəfə İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsinə seçiliblər.

Bununla da AMEA-nın müəssisələrində direktor seçkiləri başa çatıb.

Seçkilərin nəticələri AMEA Rəyasət Heyətinin sentyabrın 25-də keçiriləcək iclasında təsdiq ediləcək.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR