AQTA: Cinayət şəbəkələr ən çox iribuynuzlu heyvanların, xüsusilə də inəyin leşindən istifadə edir

AQTA: Cinayət şəbəkələr ən çox iribuynuzlu heyvanların, xüsusilə də inəyin leşindən istifadə edir
# 13 sentyabr 2019 16:57 (UTC +04:00)

"Ən çox iribuynuzlu heyvanların, xüsusilə də inəyin leşindən istifadə edilir. Apardığımız araşdırmalar onu göstərir ki, süddən kəsilmiş, bala verə bilməyən, zəifləmiş, xəstələnmiş, zədələnmiş heyvanları emala göndərirlər. Cinayət şəbəkələr bu cür heyvanları əldə etməyə çalışır".

APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.

Onun sözlərinə görə, Sabirabad rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində bu cür məhsulların qarşısı alınaraq dövriyyədən çıxarılıb: "Bununla bağlı ekspertizalar aparılır. Vətəndaşlar ət və ət məhsulları alarkən yalnız baytarlıq ekspertizasından keçmiş ətləri alsınlar. Bunun üçün satıcıdan baytarlıq sənədini tələb etsinlər. Baytarlıq ekspertizasından keçməyən ətin dövriyyədə istifadə olunması inzibati məsuliyyət yaradır, bununla bağlı cərimə sanksiyası tətbiq edilir".

Bölmə rəisi bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsas məqsədi qabaqlayıcı tədbirləri həyata keçirmək və mənşəyi məlum olmayan ətlərin qarşısını almaqdır: "Bu cür reydlər istər Bakı şəhərində, istər regionlarda, istər bazarlarda, ictimai iaşə obyektlərində, istərsə də emal müəssisələrində aparılır".

Bölmə rəisi bu cür ətlərdən ictimai iaşə obyektlərində istifadə edilib-edilmədiyi ilə bağlı da açıqlama verib. O bildirib ki, şübhə doğuran məhsullardan nümunələr götürülür, ekspertizalar aparılır: "Sözsüz ki, ekspertizaların nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı təqdirdə və burada cinayət əməli olduğu halda hüquqi qiymətin verilməsi üçün Daxili İşlər Nazirliyinə ötürülür. AQTA bununla bağlı reydlərini davam etdirir. İlkin mərhələdə həmin ətlər dövriyyədən çıxarılır. Hazırda şəbəkənin müəyyən edilməsi istiqamətində istintaq davam edir. Sözsüz ki, biz istintaqın sonunda ictimai iaşə müəssisələrinin bu cür ətlərdən istifadə edib-etmədiyini öyrənəcəyik. Şəbəkə tam müəyyənləşəndən sonra bu barədə məlumat vermək mümkün olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR