“ASAN xidmət” modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb - FOTO

“ASAN xidmət” modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb - FOTO
# 16 sentyabr 2019 21:02 (UTC +04:00)

Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət” mərkəzi ilə tanış olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verib.

Ülvi Mehdiyev qeyd edib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub, bu günədək 33 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Görüşdə Dövlət Agentliyi ilə Türkiyə arasında uğurlu əməkdaşlıq qeyd edilib və “ASAN xidmət” modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bu ilin iyun ayında Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Həmçinin müvafiq Forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. Türkiyənin də tərəfdaş olduğu Assosiasiyasının yaradılması ilə dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Qonaq, həmçinin “ABAD” publik hüquqi şəxs, “ASAN Radio” və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR