Azad Rəhimov: "Azərbaycan MDB-nin gənclər siyasətinin inkişafında aktiv iştirak edir"

Azad Rəhimov: "Azərbaycan MDB-nin gənclər siyasətinin inkişafında aktiv iştirak edir"
  • Clock-gray 11:04
  • calendar-gray 14 Noyabr 2019



Bakıda MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Üzrə Şurasının iclası keçirilib.

APA-nın məlumatına görə, Rusiya Uşaq və Gənclər Təşkilatları Milli Şurasının sədri və eyni zamanda MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Şurasının sədri Qriqoriy Petuşkov çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, tədbirdə Belurus, Özbəkistan, Tacikistan və başqa MDB ölkələrindən nümayəndələr iştirak edir.

Gənclər və İdman naziri Azad Rəhimov isə MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Üzrə Şurasının iclasının Bakıda artıq dördüncü dəfə keçirildiyini qeyd edib: "Budəfəki tədbir isə Azərbaycanın gənclər siyasəti üçün çox əlamətdar olan bir dövrə təsadüf edir. Belə ki, 1994-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılıb. 25 illik fəaliyyətimiz dövründə Azərbaycanın gənclər siyasəti çox mürəkkəb inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, bu 25 il ərzində bir çox uğurlar əldə etmişik".

Nazir Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi nəticəsində gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb: "Gənclər ölkə əhalisinin 26 faizini təşkil edir. Buna görə də gənclərin inkişafı bizim üçün çox vacibdir. Azərbaycanda gənclər siyasəti üçün geniş hüquqi baza yaradılıb. 2002-ci ildən Azərbaycanda “Gənclər siyasəti haqqında” qanun qüvvəyə minib. Bundan başqa, Azərbaycan gənclərinin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb. Hazırda 2017-2021-ci illər üçün üçüncü Dövlət Proqramı reallaşır. Bu il “Gənclər haqqında” qanunda bəzi dəyişiklər edilərək daha da müasirləşdirilib. 2013-cü ildən gənclər üçün təsis olunmuş Prezident mükafatı var. Ölkədə gənclərlə bağlı 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Son iki il ərzində ölkə Prezidenti tərəfindən Gənclər Fondunun fəaliyyət imkanları genişləndirilib. 2019-cu ildə milli gənclər siyasəti baxımından bir çox işlər görülüb, "Yüksəliş" layihəsi hazırlanıb".

A.Rəhimov deyib ki, Azərbaycan MDB-nin gənclər siyasətinin möhkəmlənməsi və inkişafında aktiv iştirak edir: “İkitərəfli müqavilələr nəticəsində biz tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirir və gələcəkdə də bu əlaqələrin daha da inkişaf edəcəyinə əminik".

Sonra Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Barovskaya, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və başqaları çıxış ediblər.

Tədbir çıxışlarla davam edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date